XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Fevral, 2015
Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Xocalısız....” adlı Anım tədbiri

Bu gün  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyi və Milli Azərbaycan Tarixi Muzeyi birlikdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Xocalısız....” adlı Anım tədbiri keçirildi.


 

Milli Azərbaycan Tarixi Muzeyində keçirilən mərasimə alimlər, muzey işçiləri, tədqiqatçılar, Azərbaycan Dövlət Dəniz Akademiyasının müdavim və müəllimləri, Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar Təşkilatının sədri İsa Alıyev, Bəhruz Həsənov, Ombudsman təşkilatı nəzdində Azərbaycan Uşaq və Gənclərin sülh şəbəkəsinin üzvləri, KİV nümayəndələri iştirak etdilər.

Konfrans zalında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyi tərəfindən hazırlanmış roll-up stendlərində Xocalı faciəsini əyani olaraq nümayiş etdirən fotolar yerləşdirilmişdir.

Xocalı faciəsinin 23-ci ildönümünə həsr edilmiş tədbiri giriş sözü ilə Milli Azərbaycan tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq öz çıxışında bildirdi ki, Xocalı soyqırımı bizim tariximizin ən müthiş səhifələrindən biridir. Ulu öndər, ümummilli lider Heydər Əliyev Xocalı faciəsinin 10-cu ildönümünə həsr olunmuş tədbirdə demişdir: “Bütövlükdə Azərbaycan xalqına yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri insani  cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir...” O qeyd etdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanən təşşəbbüsü ilə “Xocalıya ədalət”  kampaniyası nəticəsində artıq dünyanın bir neçə ölkəsi Xocalı soyqırımını tanıyıb və onu dəhşətli soyqırım kimi qəbul ediblər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva bu qanlı tarixi faciəni əks etdirən məruzəsində  soyqırım qurbanlarının başlarına gətirilən müsibətlərdən söhbət açaraq, dünya ictimaiyyətinin erməni millətçilərinin törətdikləri cinayətlərə diqqəti cəlb etmək məqsədilə təşkil olunan təbliğat kampaniyalarının əhəmiyyətindən danışdı. Sonra Azərbaycan Yazıçılar İttifaqının üzvü Zərəngiz Mansurova tədbirdə çıxış edərək, Xocalı faciəsi qurbanlarının başına gətirilən müsibətlərdən, bu soyqırımın yaddaşlardan silinməməsindən bəhs etdi və öz çıxışını Xocalıya həsr olunmuş şerlə bitirdi.

Anım tədbirində Uşaq Teatrının “Günay” uşaq studiyası tərəfindən Azərbaycan Teatr xadimləri İttifaqının üzvü Larisa Tarusovanın bədii rəhbərliyi ilə “Cavab ver” kompozisiyası ifa olundu. Başda direktor Gülşən Quliyevanın rəhbərliyi ilə M.Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş musiqi nömrələri ilə çıxış etdilər. Burada həmçinin “Sarı gəlin”, “Aman təklik əlindən”, “Sarı Bülbül” xalq mahnıları, İ.S. Baxın “Ariya”sı, E.Mansurovun “Melodiya” və Lovlandın “Secret Garden” əsərləri ifa olundu.

Tədbirin sonunda iştirakçılara Ombudsman - İnsan Hüquqları üzrə müvəkkilinin Xocalı faciəsi ilə bağlı bəyanatı, elecə də “İrs” beynəlxalq jurnalının müvafiq nömrələri paylandı.