XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Mart, 2015
Arxeologiya fondu yeni arxeoloji tapıntılarla zənginləşir

      Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinə coğrafiya elmləri doktoru Rəna Bəyim Mir Tağı qızı Qaşqay mərhum bacısının – tarixçi və arxeoloq, tarix elmləri namizədi Solmaz Qaşqayın arxeoloji qazıntılardan əldə etdiyi qədim əşyaları təhvil vermişdir. 


Rəna Qaşqayın bildirdiyinə görə mərhum alim Solmaz Qaşqay bu əşyaları elmi tədqiqata cəlb etsə də, lakin amansız tale bu şərəfli işi sona çatdırmağa imkan verməmişdi. 
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna daxil olmuş bu əşyaların əksəriyyəti 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən İkinci Plovdağ nekropolunda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Yalnız əqiq muncuq düzümündən ibarət bir əşya 1980-ci ildə həmin rayonun Mərdangölü nekropolundan tapılıb. Ümumi sayı 57 ədəd olan qədim əşyalar tunc asmalardan, sancaqlardan, üzüklərdən, piləkşəkilli bəzəklərdən, dəvəgözü ox ucluqlarından və onların fraqmentlərindən, pastadan silindrik möhür hissəsindən, əqiq, pasta, şüşə, gil, tunc və s. materiallardan hazırlanmış müxtəlif formalı muncuq düzümlərindən ibarətdir. Təqdim olunan bütün əşyalar e.ə. II minilliyin sonuna aid olub, bu dövr sakinlərinin həyat tərzini, məişətini və məşğuliyyətlərini öyrənmək üçün qiymətli əşyavi mənbə rolunu oynayırlar.