XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 May, 2015
Milli Azərbaycan Tarixi Muzeyində unikal qızıl əşyalar

Azərbaycan xalqının zaman-zaman yaratdığı və yaşatdığı zəngin mədəni irs siyahısında  milli geyimlər özünəməxsus yer tutur.


  Milli geyimlər uzun sürən tarixi inkişaf prosesi nəticəsində yaranmış və inkişaf etmişdir.

    Xalqımızın mədəni irsinin toplanması, qorunması və təbliğini prioritet vəzifə kimi qarşıya qoyan Milli Azərbaycan Tarixi Muzeyi geyim mədəniyyətimizin ayrı-ayrı növlərindən ibarət çox zəngin kolleksiyaya malikdir və həmin kolleksiyanın mütəmadi olaraq zənginləşdirilməsinə xüsusi diqqət və qayğı göstərir. Bu məqsədlə Muzeyə qızıl işləməli yeni materiallar – qadın baş bəzəyi, qadın üst köynəyi və yelpik daxil  olmuşdur.

     Muzey kolleksiyasına yeni daxıl olan baş bəzəyi -“çutqu” qızıl lövhələrlə işlənmiş  və sağlam şəkildədir. Özündə yaşatdığı tarixilik baxımından cutqu unikal bir eksponatdır. Həmin cutqu Azərbaycan qadınının yüksək bədii zövqə, zəngin geyim mədədniyyətinə sahibliyini nümayiş etdirmək üçün çox qiymətli dəlildir.  Tafta parçadan tikilmiş cutqunun bəzədilməsində zəbafta, 12 ədəd qızıl başlıqlı qotaz, şəbəkə üsulu ilə hazırlanmış “ayulduz” və “gül”, çaxmaqəlib üsulu ilə hazırlanmış 54 ədəd “kəpənək” və 18 ədəd “midaxıl” və ya “qoşasərmə” elementlərindən istifadə olunmuşdur. Çənəbənd kimi iki düzüm arpa tətbiq edilmişdir. Cutqu muzeyin nadir eksponatları sırasına daxildir və onun Azərbaycan Respublikasında fəaliyyət göstərən muzeylərdə analoquna rast gəlmək mümkün deyildir. Bu vaxta qədər yalnız fotoşəkillərdə izləyə bildiyimiz belə bir materialın muzey kolleksiyasına daxil edilməsi Milli Azərbaycan Tarixi Muzeyinin uğurlu nailiyyəti hesab oluna bilər.

    Muzey kolleksiyasına yeni daxil olan qızıl bəzəklərlə tərtiblənmiş qadın geyimlərindən biri də sarı rəngli xara parçadan tikilmiş qadın üst köynəyidir. Köynəyin ətəyi on ədəd qızıl “babaxanı” və ya “məcidiyyə” adlanan asmalarla  bəzədilmişdir. Yaxasında 1 ədəd qızıl düymə, bafta və güləbətin saçaq vardır. Bu köynəklər XIX-XX əsrin ortalarına qədər xalqın istifadəsində olmuşdur.

     Növbəti material qadın aksesuarlarından olan yelpikdir. Adətən yarımdairəvi formalı yelpiklər nazik bambuk lövhəsindən, dəvəquşu və tovuz lələklərindən hazırlanırdı. Muzeyə daxil olan  estetik gözəlliyi ilə seçilən yelpik isə bayraq formalı olub, məxmər parçadan, üzəri qızıl çaxmaqəliblər, pilək, güləbətin tikmə və qotazlarla bəzədilmişdir.

     Çoxsaylı qızıl elementlərlə bəzədildiyinə görə materiallar Muzeyin Xüsusi fonduna təhvil verilmişdir. Verilən məlumatlara görə bu əşyalar vaxtilə Zaqatala bölgəsində yaşamış zadəgan xanımına məxsus olmuşdur. 

   Hal-hazırda bu unikal əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş olunur və tamaşaçıların böyük marağına səbəb olur.