XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 May, 2015
Muzeydə 18 may Beynəlxalq Muzeylər gününə həsr olunmuş “Muzey təşəkkür edir” adlı tədbir keçirildi

Milli Azərbaycan Tarixi Muzeyidə 18 may Beynəlxalq Muzeylər gününə həsr olunmuş “Muzey təşəkkür edir” adlı  tədbir keçirilmişdir.


Tədbirdə Azərbaycan Respublikasında Təhsil Nazirliyin nümayəndəsi, Bakı Baş Təhsil İdarəsinin nümayəndəsi, Azərbaycan Prezidenti yanında Bilik Fondunun nümayəndəsi, 2014-cü ilin noyabr ayından həyata keçirilən “Elm-təhsil-muzey vəhdətinə məntiqi yanaşma” adlı layihəsində iştirak edən orta məktəb direktor, müəllim və qalib gələn  şagirdlər, valideynlər  və KİV nümayəndələri iştirak etmişlər.  
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı “18 may Beynəlxalq Muzeylər günü”, 2014-cü ilin noyabr ayından həyata keçirilən “Elm-təhsil-muzey vəhdətinə məntiqi yanaşma” adlı layihəsinin mahiyyətindən, “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V Respublika elmi konfransında fəal iştirak edən şagirdlərdən və ümumilikdə muzey-məktəb əlaqələrinin möhkəmlənməsindən danşdı. O, bu tədbirlərin şagirdlərin maariflənmələrində, Azərbaycan tarixi üzrə biliklərini genişləndirmələrində mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
7 aprel 2015-ci il tarixində keçirilmiş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V Respublika elmi konfransında fəal iştirak edən şagirdlərdən: Nəsimi rayonu 8 saylı orta məktəbin VI sinif şagirdi Ələkbərov Sadiq, Səbail rayonu 7 saylı orta məktəbin VII sinif şagirdi Həsənli Nərmin, Sabunçu rayonu 90 saylı orta məktəbin VIII sinif şagirdi Məsmaliyeva Fidan və  Nəsimi rayonu Elitar gimnaziyanın VIII sinif şagirdi Əsədzadə Qəmərin çıxışları yenidən dinlənildi.
Tədbir zamanı il boyu muzey-məktəb əlaqəsində fəal iştirak edən orta məktəb direktorları, müəllim və qalib gələn  şagirdlər “Təşəkkür” və “Sertifikat”larla təltif olundular. Həmçinin muzeyə köməklik göstərən şəxslərə “Təşəkkür” elan olundu.
Sonda tədbir qalib məktəb şagirdlərinin təqdim etdikləri bədii hissə ilə yekunlaşdı.