Bu günlərdə Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünya mədəniyyətinin bir çox tanınmış simaları, rəsmi dövlət adamları iştirak edir.
Forum çərçivəsində paytaxtımıza gələn mötəbər qonaqlar ölkəmizin mədəniyyət ocaqlarına da baş çəkir, paytaxtın mədəni həyatı ilə daha yaxından tanış olurlar.
Dünən Vaşinqtonda yaradılan “Qarabağ” fondunun icraçı direktoru, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı ictimai xadim Diana Kohen Altman AMEA Milli Azərbaycan Tarixi Muzeyində olub. Mötəbər qonağı Muzeyin direktoru, akademik Nailə Vəlixanlı və direktor müavini Məhfuzə Zeynalova qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə ölkələr arasındakı mədəni əlaqələr müzakirə edilib.
Qonaq Muzeyin ekspozisiyası, H.Z.Tağıyevin ev muzeyi ilə yaxından tanış oldu. Muzeyin direktoru Nailə Vəlixanlı AXC-nin yaranması və tarixi ilə bağlı ekspozisiya bölməsi haqqında məlumat verdi. Diana Kohen öz növbəsində rəhbərlik etdiyi fondun fəaliyyətində Azərbaycan tarixini, mədəni irsi və adət-ənənələrinin təbliğində və maarifləndirilməsi istiqamətində işlər görüldüyünü söylədi.
Görüş zamanı Fondun həyata keçirdiyi proqramlar və qarşıdan gələn tədbirlər haqqında məlumat verildi və bir sıra tövsiyə xarakterli təkliflər də səsləndirildi. Sonda Diana xanım Qarabağa həsr olunan musiqili CD-ni muzeyə hədiyyə etdi.
Qeyd edək ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri-hökumət təşkilatlarına verilən yüksək statusa sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.