XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 İyun, 2015
I Avropa oyunları ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanda idman oyunlarının tarixi ilə bağlı ekspozisiya bölməsi təkmilləşdirilib

photoBəşər mədəniyyətinin əldə olunan nailiyyətlərindən biri idmanın yaranmasıdır. İdman müxtəlif hərəkət kompleksləri üzrə yarışlar və hazırlıq məşqləri keçirilməsi sistemi kimi böyük təkamül prosesini yaşamışdır.


İnsanların yerinə yetirdikləri fiziki hərəkətləri və əmək vərdişləri üzrə sınaqlarını, döyüş və mübarizə növlərini, məsələn, güləş, qaçış, tullanma, ağırlıqqaldırma, üzmək, avar çəkmək, ox atmaq, qılınc oynatmaq, nizə tullamaq və sairəni ilk idman növləri kimi qəbul etmək olar. Heç şübhə yoxdur ki, bütün xalqlarda bu cür idman növləri olmuşdur. Azərbaycanda da idman çox qədim bir tarixə malik olmuşdur.
Güləş Azərbaycanda qədim dövrlərdən yayılmış ənənəvi idman növü olmuşdur. Tariximizin qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarında güləşlə yanaşı başqa təkbətək mübarizə növlərindən də geniş bəhs olunur. Azərbaycanda qədim tarixə malik idman növü olan güləş yarışları sonralar xüsusi yerlərdə - zorxanalarda keçirilmişdir.
Arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət və qədim yazılı abidələrə, təsviri sənət əsərlərinə, ədəbi-tarixi mənbələrə, folklor, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə istinadla demək olar ki, qədim Azərbaycanda güləş, oxatma, qılıncoynatma, nizə atma, atçapma, çovqan, sürpapaq, baharbənd, daşqaldırma, miloynatma, şahmat və sair idman oyunları geniş yayılmışdır.
I Avropa oyunları ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanda idman oyunlarının tarixi ilə bağlı ekspozisiya bölməsi təkmilləşdirilib. Muzeydə Azərbaycanda orta əsrlərdə idmanla bağlı ekspozisiya bölməsi fəaliyyət göstərir. Azərbaycanda idmanı əks etdirən eksponatlar muzeyi ziyarət edən əcnəbi qonaqların böyük marağına səbəb olur. Burada XVI-XVIII əsrlərə aid millər (zorxana alətləri), çovqan oyunu miniatürü, pəhləvan şalvarı və zorxanada idman aləti kimi istifadə olunan bargirlər nümayiş olunur. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çovqan oyununun təsvir edildiyi rəsm bu oyunun hələ IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.
Azərbaycan zəngin idman ənənələrinə malik olan bir dövlətdir. Bu ənənələrin minillik tarixi, enişli-yoxuşlu inkişaf yolu vardır. Bu gün Azərbaycan idmanı özünün ən uca zirvələrinin fəthinə doğru gedir.

photo photo photo