XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 İyul, 2015
Muzeydə arxeoloji materiallarlar – Şirvan bədii metalları

Son illərdə Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda mühafizə olunan tapıntıların bir hissəsini Ağsu rayonunun Nərgizava və İsmayıllı rayonunun Mollaisaqlı abidələrindən aşkar olunmuş bədii metal nümunələri təşkil edir.


Bu materiallar 2002-ci ildən başlayaraq Milli Azərbaycan Tarixi Muzeyinə daxil olmağa başlamışdır. Belə ki, Nərgizəvadan tapılmış bədii metalişləmə nümunələri Milli Azərbaycan Tarixi Muzeyinə 2002-2008-ci illərdə təsadüfi tapıntı, 2009-cu ildə arxeoloji material qismində təhvil verilmişdir. Nərgizəva nümunələrinin bir qismi isə 2010-cu ildə Muzeyin Tarixi Əşyaların Fond-Satınalma Komissiyasi tərəfindən pulla alınmışdır. Mollaisaqlı tapıntıları isə Muzeyə 2002-ci ilin avqustunda təhvil verilmişdir.
Ümumilikdə, 117 ədəd olan bədii metal nümunələr əsasən bilərziklərdən, qolbaqlardan, boyunbağıdan, sancaqlardan, müncuqlardan, üzüklərdən və asmalardan ibarətdir. Asmalar da formasına görə müxtəlif olub, altı qrupa ayrılmışlar: kürə, disk, halqa, umbon şəkilli, eləcə də zınqırovlu və zoomorf. Bu bədii metal məmulatının əksəriyyəti tuncdan, yalnız biri gümüşdəndir. Onların yaşına gəldikdə, isə tapıntıların hamısı həmdövr olub, antik dövrə – e.ə. IV-b.e. I əsrlərə aiddir.
Arxeologiya fondunun müdiri t.ü.f.d. N.Quluzadə qeyd edir ki, bu bədii metalişləmə nümunələri antik dövrdə Şirvan sənətkarlarının metalın, o cümlədən tuncun ərimə xüsusiyyətlərinə yaxından bələd olduqlarını bir daha təsdiq edir. Müxtəlif təyinatlı və məzmunlu məmulatların böyük zövqlə hazırlanması Şirvan sənətkarlarının yüksək peşəkarlığından xəbər verir. İncə zövqlə və böyük məharətlə ərsəyə gətirilmiş bu əşyaların hazırlanma texnikasına gəldikdə isə, onların bir qismi daş qəliblərə tökülərək hazırlanmışdır. Bədii tunc məmulatının digər hissəsi, xüsusilə kiçik həcmli nümunələri isə mum modellərinin vasitəsilə hazırlanmışdır. Tunc məmulatının tədqiqindən o da aydın olur ki, hazırlanma prosesində əritmə və tökmə ilə yanaşı, digər üsullardan – döymə, kəsmə, sıxma, burma, əymə, cilalama, lehimləmə və zərbetmədən də istifadə olunmuşdur. Bu maddi mədəniyyət nümunələrindən antik dövrdə bölgənin ictimai və iqtisadi münasibətlərini öyrənmək üçün əşyavi mənbə kimi istifadə oluna bilər.