Bu il Milli Azərbaycan Tarixi Muzeyinin 95 yaşı tamam olur. İlk addımlarını «Doğma diyarın tədris muzeyi» kimi atmağa başlayan muzeyin bu adına az sonra Azərbaycan Cümhuriyyətinin Parlamentinin ildönümü münasibətilə 1919-cu ildə açılmış, lakin fəaliyyət göstərməyə macal tapa bilməmiş “İstiqlal” muzeyinin varisi kimi “İstiqlal” adı da əlavə olunur.
1920-ci ilin oktyabr ayının 25-də muzeyin statusu genişləndirilmiş, Xalq Maarif Komissarlığının (XMK) sərəncamı ilə ona “Azərbaycan SSR Dövlət Muzeyi” adı verilmişdir. Bu dövrdə Azərbaycanda hakimiyyəti ələ keçirmiş İctimai Şura Hökumətinin “kommunist ideologiyası”nı rəhbər tutan “mədəni inqilab” proqramına görə muzeylər maarifləndirici təşkilat funksiyasını yerinə yetirməli, bu zaman, başqa sahələrdə olduğu kimi “partiya rəhbərliyi” prinsipini əsas tutmalı, partiyanın direktivləri, onun qərar və göstərişləri ilə istiqamətlənməli idilər. Azərbaycan SSR XMK kollegiyası hələ 1920-ci ilin iyun ayının 14-də məktəbdənkənar təhsil şöbəsini açmaqla kütlələrin mədəni səviyyəsini yüksəltməyi, onların siyasi-kommunist tərbiyəsini, biliyə olan marağını artırmağı və s. əsas məqsəd etdi. Bu şöbənin nəzdində başqa seksiyalarla yanaşı Muzey-ekskursiya (Muzekskurs) yarımşöbəsinin yaradılması ilə Azərbaycanda muzey quruculuğunun özülü qoyuldu. İlk dövlət muzeyi özünün ilk addımlarını məhz həmin qurumun tərkibində və bilavasitə onun rəhbərliyi altında 1920-ci ilin iyulun 1-dən yerləşdiyi Hacı Zeynalabdin Tağıyev sarayında atmağa başladı. 1921-ci ilin fevralında Muzekskursu XMK-da bu vaxtadək fəaliyyət göstərən Ali Məktəb Şöbəsinin yerinə açılmış Akademik Şöbənin tərkibindəki Muzey-arxiv (Muzarxiv) yarımşöbəsi əvəz etdi. Bu yarımşöbə Dövlət Muzeyi ilə yanaşı Dövlət Arxivini, Qədim Abidələrin və İncəsənətin Mühafizə Komissiyasını da özündə birləşdirirdi. Bütün bu müəssisələr o vaxtlar “Yoldaş Davud Hüseynov adına Elm Sarayı” adını almış Tağıyev mülkündə yerləşdirilmişdi.
1921-ci ilin mayında Muzey Azərbaycanın sovetləşməsinin birinci ildönümünə həsr olunmuş yubiley sərgisinin açılışı ilə ilk tamaşaçılarını qəbul etdi.
Azərbaycanda ilk demokratik respublikanın devrildiyi, sovet sosialist sisteminin hakimiyyətə gəldiyi zaman kəsiyində yaradılmış dövlət muzeyinin fəaliyyətinin ilk onilləri sovet totalitar rejiminin qaydalarına uyğunlaşdırılırdı. Yeni ideoloji məfkurənin tələblərinə uyğun gəlməyən məqamların, o cümlədən bu məqamları yaradan şəxslərin aradan götürülməsi prosesi başlamışdı. Hələ 20-ci illərin ikinci yarısında, yəni muzeyin təşkilindən bir neçə il sonra, yeni qurulmuş İctimai Şura cəmiyyətində baş verən ciddi yeniləşdirmələr Azərbaycan tarixinin tədqiqi və bununla bərabər təbliği yönünün dəyişməsini tələb etdi. Hakim kommunist-bolşeviklər partiyasındakı müxalifətçi trotskiçi blokuna qarşı mübarizə hər sahədə olduğu kimi tarixin öyrənilməsində və təbliğində də “problemlərin” olduğunu “üzə çıxartdı.” Sovet totalitar rejiminin ideoloji hökmləri ölkənin ictimai-siyasi həyatına, xalqın mədəni inkişafına mənfi təsir göstərdiyi kimi Azərbaycan tarixini, eləcə də xalqın tarixinin əyani güzgüsü olan muzeyi də “mədəni inqilabın aləti”nə, ideologiyanın ifadəçisinə çevirdi. 1928-ci ildə muzeydə artıq 5 ildən bəri uğurlu fəaliyyət göstərən, muzey üçün çox işlər görən istedadlı alim - Davud Şərifov direktor vəzifəsindən uzaqlaşdırıldı. Muzeyin yeni təyin olunmuş erməni müdiri keçmiş “İstiqlal” muzeyindən qalma, eləcə də muzey işçilərinin böyük zəhmətlə əldə etdikləri digər mühüm və qiymətli eksponatların (Azərbaycan Xalq Cümhuriyyətinin bayraqları, Parlamentin materialları, İstiqlal bəyannaməsinin əsli və s.) Moskvada açılan İnqilab Muzeyinə göndərilməsi sərəncamını verdi. Bu və bunun kimi tədbirlər müstəqil Xalq Cümhuriyyəti tarixinin uzun illər yaddaşlardan silinməsinə gətirib çıxaran ilk amillərdən biri oldu. Azərbaycan Dövlət Muzeyinin parçalanması da bununla başlandı.
1934-cü ilin mayında böyüməkdə olan nəslin totalitar rejimin ideologiyasına uyğun tərbiyələndirilməsi məqsədilə məktəblərdə tarix və coğrafiya fənlərinin tədrisinin mükəmməlləşdirilməsini, sosialist cəmiyyətinin “üstünlüklərinin” cəmiyyətin üzvlərinə aşılanmasını nəzərdə tutan xüsusi sərəncam qəbul edildi. Bu sərəncama görə məktəblərdə, tarixi tədqiqat müəssisələrində, eləcə də muzeylərdə görülən işlər, həyata keçirilən tədbirlər tarixin marksist dərkini təmin etməli idi. Tarixin tədrisinə və təbliğinə artırılan bu diqqət yeni tipli tarix və tarix-diyarşünaslıq muzeylərinin yaranması ilə müşayiət olundu. Azərbaycan Dövlət Muzeyi tarixin ideologiyalaşdığı bu dövrdə Xalq Komissarları Şurasının 1936-cı il 31 mart tarixli, muzeyin yenidən qurulmasına həsr olunan qərarı ilə Azərbaycan Tarixi Muzeyinə çevrildi. Elə həmin ildən muzey yenicə təşkil olunmuş İttifaq Elmlər Akademiyasının Azərbaycan filialının tərkibinə daxil edildi.
Beləliklə, yeni sistem tarix profilli muzeylər şəbəkəsini genişləndirdi, muzeylərin sovet təbliğat mexanizminə çevrilməsini, onlardan bir rupor kimi istifadə edilməsini daha da gücləndirdi. Bununla belə, muzeyin elmi-tədqiqat sahəsində qazandığı uğurlar vətən tariximizə dair biliklərin zənginləşməsinə, yeni məqamların açılmasına təkan verdi. Məhz buna görə Milli Azərbaycan Tarixi Muzeyinin 95 illik fəaliyyəti haqqında danışarkən tez-tez “birinci” və “ilk dəfə” sözlərindən istifadə etmək lazım gəlir. Belə ki, 1925-ci ildən başlayaraq 60-cı illərədək - arxeoloji işlərin aparılması EA-nın Tarix İnstitutuna həvalə edilənədək, respublikanın arxeoloji mərkəzi olan Tarix Muzeyi arxeoloqlar Davud Şərifov, Yevgeni Paxomov, İshaq Cəfərzadə, Mövsüm Salamov, Saleh Qazıyev, Məmmədəli Hüseynov və b-nın rəhbərliyi ilə Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə, Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə və b. yerlərdə aparılan qazıntılarla Azərbaycan ərazisinin qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsası qoyuldu. Bu ekspedisiyalar, eləcə də Muzeyin təşkil etdiyi etnoqrafik səfərlər zamanı əldə olunan və bu gün muzeyin fondlarında qorunan material ekspozisiyanı, o cümlədən muzey kolleksiyasını zənginləşdirdi, neçə-neçə kitab və dissertasiya üçün mənbə rolunu oynadı.
Muzeyin 1936-cı ildən başlayaraq fəaliyyət istiqamətinin dəyişməsi bu vaxtadək onun tərkibində olan Təbiət, Ateizm və din, Ədəbiyyat, Incəsənət bölmələrinin öz fondları və işçiləri ilə birlikdə ayrılaraq müstəqil qurum olmaları ilə nəticələndi (muzeydə 20-ci illərdə bir şöbə kimi fəaliyyət göstərən “Teatr” bölməsi isə artıq 1934-cü ildən şöbə müdiri Ağakərim Şərifovun başçılıq etdiyi müstəqil Teatr Muzeyinə çevrilmişdi). 1935-1940-cı illərdə sosializmin təbliğat “aləti”nə çevrilən Azərbaycan Tarixi Muzeyində (1938-1939-cu illərdə o hətta Azərbaycan Xalqlarının Tarixi Muzeyi adlandırıldı) Sovet Azərbaycanını tərənnüm edən sərgilər təşkil olundu. Həmin illərdə, Muzeyin filialı olan Şirvanşahlar sarayında açılmış və XVI-XVII əsrlər Azərbaycan tarixinə həsr olunmuş sərgi də sinfi mübarizəni - əsasən zəhmətkeş kəndlilərin feodallara qarşı mübarizəsini təbliğ edirdi.
30-cu illərin sonu-40-cı illərin əvvəlində baş verən kütləvi repressiya və müharibə alimlərin və muzey işçilərinin sıralarını seyrəltdi. Akademiyanın ayrı-ayrı institutlarında struktur dəyişiklikləri edildi. Hətta 1941-ci ildə, bu vaxtadək müstəqil qurum olan Tarix Muzeyi öz fəaliyyətini yeni təşkil olunmuş Tarix, Dil və Ədəbiyyat İstitutunda Muzey Şöbəsi adı ilə davam etdirdi. 1943-cü ildən Azərbaycan Tarixi Muzeyi SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının qərarı ilə Rəyasət Heyətinin nəzdində müstəqil vahid qurum kimi təsdiq edildi. 1945-ci ildə Azərbaycan SSRİ Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Azərbaycan Tarixi Muzeyi Akademiyanın İctimai Elmlər Bölməsinin tərkibində elmi-tədqiqat idarəsi kimi fəaliyyətə başladı. Muzeyin 1940-1953-cü illər fəaliyyəti isə bilavasitə Şirvanşahlar Sarayı ilə bağlı olmuşdur. 1920-ci ildən bəri məşhur sahibkar və maarifpərvər xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşən Muzey həmin illərdə xüsusi hökumət sərəncamı ilə İçəri Şəhərə, Şirvanşahlar sarayına köçürülmüşdü. Tağıyev mülkü isə 1953-cü ilə kimi Xalq Komissarları Sovetinə (Nazirlər Sovetinə) verilmişdi. Ekspozisiya sahəsinin daralmasına, II Dünya müharibəsinin başlaması ilə bağlı işçilərin sayının azalmasına baxmayaraq Muzey bu dövrdə də fəaliyyətdən qalmamış, öz işini Vətənin arxeoloji tədqiqinin gücləndirilməsinə yönəltmişdi. Məhz bu illərdə Muzeyin arxeoloqları (İshaq Cəfərzadə, Yevgeni Paxomov, Saleh Qazıyev, Tamara Qolubkina, Güllü Mustafayeva və b.) Qobustan, Gəncə, Mingəçevir, Qəbələ və b. bu kimi yerlərdə arxeoloji tədqiqat işləri aparmış, lakin buna rəğmən muzey üçün spesifik olan ekspozisiya və fond işləri bir qədər kölgədə qalmışdı. 1953-cü ildə Muzeyin yenidən Tağıyev mülkünə qaytarılması və nəhayət, 1956-cı ilin martında yeni ekspoziya ilə öz qapılarını tamaşaçıların üzünə açması ilə onun fəaliyyətində yeni səhifə açılır.
Onu da demək lazımdır ki, məhz həmin illərdə Azərbaycanın tarixçi alimləri ümumiləşdirilmiş vətən tarixinin yazılması üzərində işləyirdilər. Respublika Elmlər Akademiyasının struktur vahidi olan Azərbaycan Tarixi Muzeyinin elmi işçiləri də bu istiqamətdə fəaliyyət göstərməklə yanaşı qədim və zəngin tariximizi muzey eksponatlarının dili ilə - əyani surətdə təbliğ etmək məqsədilə yeni ekspozisiya yaratmış, müxtəlif mövzularda sərgilər təşkil etmişdilər. Əlbəttə, obyektiv vahid tarixi konsepsiyanın olmaması tarixi həqiqətləri əks etdirən ekspozisiyanın yaradılmasında da çətinliklər törədirdi. Sovet totalitar rejiminin ideologiyasından kənara çıxmaq təhlükəsi təkcə vətən tarixinin yazılmasına deyil, onun muzey vasitəsilə obyektiv təbliğinə də mane olurdu. Bununla belə, xüsusilə, II Dünya müharibəsindən sonrakı illərdə, respublikanın arxeoloq və etnoqraflarının çoxsaylı ekspedisiyalardan əldə etdikləri zəngin materialın tədqiqi, tarixçi alimlər tərəfindən Azərbaycan tarixinə dair müxtəlifdilli mənbələrin elmi dövriyyəyə gətirilməsi, xüsusilə, qədim və orta əsrlər tarixinə dair biliklərin genişlənməsinə, tədqiq edilən dövrlərin mühüm və prinsipial məsələlərinin daha ətraflı və dərin faktlarla zənginləşməsinə və bütün bunların nəticəsi olaraq muzeyin müxtəlif tarixi dövrlərə dair ekspozisiyasının daha təkmilləşməsinə kömək etdi. Lakin, həm həmin dövrdə, həm də bir qədər sonra - şəxsiyyətə pərəstişin mənfi nəticələrinin aradan qaldırılmasına böyük cəhdlər göstərildiyi mürəkkəb illərdə də, hazır ideoloji qəliblərdən birdən-birə kənara çıxmaq çox çətin, bəlkə də qeyri-mümkün idi. Bununla belə, muzey mövcud olduğu bütün dövrlərdə öz əsas funksiyasını zamana və imkana uyğun səviyyədə yerinə yetirirdi.
60-cı illərdən başlayaraq muzey bilavasitə arxeoloji ekspedisiyalar təşkil etməsə də, yeni bir sahənin- sualtı arxeoloji tədqiqatların mərkəzinə çevrildi. 1968-72-ci illərdə Muzeyin əməkdaşı, tarixçi-arxeoloq Viktor Kvaçidzenin başçılıq etdiyi qəvvaslar qrupu Xəzər dənizində və sahilyanı ərazidə (Bəndovan I, Bəndovan II, Bilgəh və s.) tədqiqat işləri aparmış, bu gün ekspozisiyada görkəmli yer tutan sualtı arxeoloji materialı aşkar etmiş, su altında qalmış orta əsr yaşayış yerlərinin tapılması və öyrənilməsi işinin əsasını qoymuşlar.
Yarandığı ilk gündən mədəni-maarif və elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətə başlayan bu ilk dövlət muzeyi Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi, təbliği, eləcə də onların toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğul olmuşdur. Muzeyin fondlarında və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq maddi abidə qorunur. Bu gün bu kolleksiya tamaşaçıya və tədqiqatçıya ölkəmizin ən qədim dövrdən bu günədək tarixini, xalqımızın keçmişini, məişətini və mədəniyyətini öyrənmək, tariximizlə bağlı istənilən məsələni araşdırmaq imkanı verir.
Muzeydə aparılan elmi-tədqiqat işləri Azərbaycanda tarix elmini inkişaf etdirməklə yanaşı özünün başlıca vəzifəsini yerinə yetirir: muzeyin simasını-onun ekspozisiyasını formalaşdırır. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyayi materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şəhadətlik edir.
Muzeydə hal-hazırda 11 fondla yanaşı 6 elmi şöbə, o cümlədən, arxeologiya, etnoqrafiya və numizmatika elmi-fond şöbələri, bərpa laboratoriyası və kitabxana fəaliyyət göstərir.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə dünya standartları səviyyəsində təmir və bərpa olunan muzeydə Azərbaycan tarixinin ən qədim dövrlərdən 1920-ci ilədək tarixini əks etdirən yeni ekspozisiya qurulmuşdur. Muzeyin 9 zalında onun yerləşdiyi binanın sahibi Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi də fəaliyyət göstərir. Həm ekspozisiya, həm xatirə muzeyindəki material buraya gələn yerli və xarici tamaşaçıların böyük rəğbətini qazanmaqla yanaşı, onları Azərbaycan xalqının keçdiyi tarixi yol, zəngin dövlətçilik ənənələri ilə tanış edir, Azərbaycan (Atropatena, Adurbadaqan) adlı dövlətimizin ilk dəfə 2400 il bundan əvvəl təşəkkül tapdığını təsdiqləyir.
Tarix Muzeyinin təşəkkülü və inkişafı, onun iri tədqiqat müəssisəsinə, respublikada muzeyşünaslığın mərkəzinə və mühüm mədəni-maarif ocağına çevrilməsi, ekspozisiya və çoxsaylı sərgilərin yaradılması, material axtarışı və fondların formalaşması, elmi işlərin nəşri və kütləvi informasiya vasitələrində çıxışlar 90 ildən artıqdır ki, öz fəaliyyətini muzeylə bağlayan bir neçə tarixçilər nəslinin fədakar əməyi, bacarıq və istedadının nəticəsidir. Məhz bu alimlər muzeyin kolleksiyasının zəngin materialını müxtəlif illərdə nəşr etdikləri onlarla kitab, buklet, kataloq, albom və məqalələr vasitəsilə daha geniş oxucu kütləsinə çatdırmış və təbliğ etmişlər. “Azərbaycan Tarixi Muzeyi” adı ilə 2001-ci ildən başlayaraq hər il nəşr olunan elmi toplu Muzeyin hələ ötən əsrin 50-ci illərindən çıxan və burada aparılan elmi tədqiqat işlərinin nəticələrinə həsr olunan elmi məqalələr toplusunun davamıdır. “Maestro Niyazi”, “Azərbaycan generalları”, “Elmin qızıl fondu”, “Azərbaycan bayraqları”, “Antropomorf fiqurlar”, “Azərbaycan müdafiə silahları”, “Mirzə Fətəli Axundzadə-200”, “Xurşidbanu Natəvan-180”, “Şirvanın bədii metallı”, “Əziz Əliyev”, “Bakının teatr həyatı”, “Qarabağ xalçaları”, “Bakı, Quba, Şirvan xalçaları”, “Azərbaycan süfrəsinin mis qabları”, “Azərbaycanda kağız pul nişanları və qiymətli kağızlar”, “Azərbaycanda arxeoloji qızıl və gümüş əşyaları” kataloqları, “Azərbaycan Tarixi Muzeyi”, “Azərbaycanda dövlətçilik və onun rəmzləri”, “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasının inciləri”, “H.Z.Tağıyev” kitab albomları, “Azərbaycan numizmatikası”, “Azərbaycanda muzey işinin tarixindən”, “H.Z.Tağıyevin qız məktəbinin tarixindən”, “Naxçıvan-ərəblərdən monqollaradək”, “Onlar Belarus uğrunda döyüşüblər”, “Müasirləri H.Z.Tağıyev haqqında” kitabları və neçə-neçə belə əsərlər muzeyşünas alimlərimizin əməyinin məhsuludur.
Bütün fəaliyyəti ərzində dünyanın müxtəlif muzeyləri ilə əməkdaşlıq edən, sərgilərdə, toplantı və forumlarda iştirak edən Tarix Muzeyi müstəqillik illərində də bu ənənəni davam etdirmiş, Rusiya, Türkiyə, ABŞ, Almaniya, Çin, Norveç, Vatikan, Çexiya və b. ölkələrlə əlaqələr qurmuş, Rusiyanın Dövlət Tarix Muzeyində video-filmlə (2005), Norveçdə (2007), Almaniyada (2008), Vatikanda (2012), Ostravada (2012-2013) sərgilərlə çıxış etmişdir. 2012-ci ildə imzalanmış “Milli Azərbaycan Tarixi Muzeyi və Çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memoranduma” əsasən 2013-cü ildə Milli Azərbaycan Tarixi Muzeyində Çexiya Milli Muzeyinin kolleksiyasından ibarət “Çexiya süleyman daşı” sərgisi aşılmışdır. 2014-cü ilin noyabrında isə Çexiya Milli Muzeyində Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında Azərbaycan – möcüzəli Odlar yurdu” sərgisi böyük uğurla keçirilmişdir.
Son illərdə muzeyin sərgi fəaliyyəti genişlənmiş, muzey kolleksiyasının, habelə Azərbaycan tarixinin və mədəniyyətinin təbliği baxımından olduqca əhəmiyyətli sərgilər (“Bakı – islam mədəniyyətinin paytaxtı”, “Faşizm üzrəində qələbənin 65 illiyi”, “Torpağa sancılan qılınc”, “Arşın mal alan: dövr, insanlar”, “Mis süfrə qabları”, “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi -95”, “20 Yanvar – hüzn və qürur günümüz”, “Dost ellərin hədiyyələri”, “Azərbaycanın neft salnaməsi” və s.) qurulmuşdur.
2014-cü ilin yanvarında Gəncə şəhərində MATM-nin materiallarından ibarət “Azərbaycan etnoqrafiyası” və “Azərbaycan – qədim sivilizasiya məkanı” sərgiləri təşkil olunmuşdur. Bu sərgi müstəqillik illərində muzeyin respublika çərçivəsində keçirdiyi ilk səyyar sərgi olmuşdur.
Muzeyin elmi əməkdaşları Norveçdə, Rusiyada, Türkiyədə, Suriyada, İsraildə, Dubayda, Macarıstanda, İtaliyada, Fransada, İspaniyada, Avstriyada, Belarusda, Ukraynada, Özbəkistanda, Yaponiyada, Çində, Polşada, Almaniyada, Vatikanda, Çexiyada və b. ölkələrdə keçirilən konfrans, forum və simpoziumlarda məruzələrlə iştirak etmişlər.
2005-ci ildən “milli” statusunu almış Azərbaycan Tarixi Muzeyi bu gün respublikanın çox mühüm elmi-mədəni ocağına çevrilmişdir. Onun dəfələrlə, hər dəfə köklü dəyişikliklərə məruz qalan ekspozisiyası həm nümayiş olunan zəngin materialına görə, həm də elmi-texniki təchizatına görə dünyanın ən tanınmış muzeylərinin ekspozisiyası səviyyəsindədir.
Bu gün Muzeyin fəaliyyətinin əsas istiqamətlərini tarix elminin son illərdə əldə etdiyi uğurlara və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunan müasir prinsiplərinə əsaslanaraq ekspozisiyanın qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi təşkil edir.
Tarix Muzeyinin əsas vəzifələrindən biri də tarixi həqiqətin muzeydə qorunan maddi sərvətlər vasitəsilə təqdim və təsdiq olunmasıdır. Tariximizin, mədəniyyətimizin qorunub saxlanması üçün isə mütləq tarixçi, arxeoloq və etnoqraflarımızın, eləcə də yorulmaq bilməyən muzey işçilərimizin böyük zəhmət və məhəbbətlə topladıqları eksponatlar qayğı və mütləq sevgi ilə mühafizə edilməlidir. Son illər müstəqil ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən mədəniyyət siyasəti milli irsimizin qorunması sahəsində uğurlu addımların atılmasına səbəb olmuşdur. Bu siyasətin bariz nümunəsi kimi respublikanın ən mühüm muzeylərinin təmir və bərpasını, onların dünya standartları səviyyəsində təminatını, yeni muzey binalarının tikilməsini, tarix və ədəbiyyat muzeylərinə milli status təqdim edilməsini, tarixi memarlıq abidələrimizin bərpa və konservasiya edilməsi üçün sərəncam verilməsini və s. göstərmək olar. Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə onun Ehtiyat fondundan, Nazirlər Kabinetinin İnvestisiya fondundan Milli Azərbaycan Tarixi Muzeyinə eksponatların alınması və restavrasiyası üçün 2008-2009-cu, eləcə də 2011 illərdə ayrılmış vəsaitlə 6851 yeni eksponat alınmış, 6532 eksponat bərpa və restavrasiya olunaraq ikinci həyatını yaşamağa başlamışdır. 2010-2012-ci illərdə yeni alınmış və bərpa olunmuş həmin eksponatlardan “Muzey eksponatlarının ikinci həyatı” adlı iki sərgi təşkil etmiş, “Mədəni irsin qorunmasında Muzeylərin fəaliyyəti və problemləri” mövzusunda elmi-praktiki seminar keçirmişdir.
Muzeyin həyatında dəfələrlə, çox vaxt köklü surətdə dəyişikliklərə məruz qalan, hər il təkmilləşdirilən ekspozisiya ilə yanaşı müxtəlif mövzulara həsr olunmuş sərgilər də xüsusi yer tutur. Əgər Sovet hakimiyyəti illərində təşkil edilən sərgilər əsasən sosialist cəmiyyətini, onun uğurlarını tərənnüm edirdisə, müstəqillik illərindəki sərgilər Azərbaycan tarixinin ən mühüm məqamlarına həsr olunmuşdur. 1992-ci ildə, Tarix Muzeyi, yaranmış yeni şəraitdə, birinci Azərbaycan Respublikasının-Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş stasionar sərgi təşkil etdi. Böyük ictimai rezonansa malik bu və bundan sonrakı illərdə nümayiş etdirilən sərgilər minlərlə tamaşaçını muzeyə cəlb etdi.
Naxçıvanın 75 illiyinə, Azərbaycanda yaşayan Avropa yəhudilərinə, müstəqilliyimizin 10 illik yubileyinə, görkəmli bəstəkar və dirijor Niyazinin 90 illiyinə, dünya azərbaycanlılarının I qurultayına, ulu öndər Heydər Əliyevin xatirəsinə, Xocalı və 20 yanvar soyqırımlarına həsr edilmiş tematik sərgilər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. 2010-2013-cü illərdə muzeydə hər il 6 sərgi keçirməklə cəmi 24 sərgi təşkil olunmuş, 5 beynəlxalq, 4 respublika səviyyəli elmi konfranslar, eləcə də yeni çap olunmuş kitabların təqdimatları, seminarlar və s. keçirilmişdir. Bütün bu sadalanan işlər muzey əməkdaşlarının gərgin, axtarışlarla dolu fəaliyyəti nəticəsində əmələ gəlib.
Muzeyin 90 illiyi 2010-cu ildə dövlət səviyyəsində qeyd edilmiş, ona həsr olunan tədbirlər “Muzeylər və mədəni irs” beynəlxalq konfransı və təntənəli mərasimlə başa çatdırılmışdır. Böyük uğurla keçən konfrans və təntənəli mərasimdə ölkəmizin dövlət, elm, mədəniyyət xadimləri ilə yanaşı Rusiya, Türkiyə, İran, Misir, Gürcüstan, Ukrayna, Qətər, Suriya, Belarusiya, Özbəkistan, Qazaxıstan, Macarıstan, Norveç və b. yerlərdən gəlmiş numayəndələr iştirak etmiş, konfrans münasibətilə təşkil edilmiş “Milli Azərbaycan Tarixi Muzeyinin inciləri” sərgisinin açılışında olmuşlar. Həmin günlərdə Milli Azərbaycan Tarixi Muzeyinin 22 nəfər əməkdaşı “Əməkdar mədəniyyət işçisi” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüş, 30 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuş, muzeyin direktoru “Şöhrət” ordeninə layiq görülmüşdür.
Milli Azərbaycan Tarixi Muzeyi 95 il ərzində olduğu kimi, bu gün də ölkəmizdə həm tarixi tədqiqatların aparıldığı, həm də xalqımızın maddi sərvətlərinin qorunduğu mühüm elm və mədəniyyət müəssisəsi kimi fəaliyyətini uğurla davam etdirir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.