XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Sentyabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyinə nadir eksponat hədiyyə olunmuşdur

photoAzərbaycan tarxinin bütün dövrlərini əyani olaraq işıqlandıran eksponatlardan ibarət zəngin kolleksiyaya malik Milli Azərbaycan Tarixi Muzeyi yeni materialların toplama işini davam etdirir.


Mövcud eksponatlar sırasında II Dünya müharibəsində Azərbaycanın iştirakını nümayiş etdirən eksponatlar da az deyil. Xatırladaq ki, bu ilin yayında təntənəli açılışı olmuş “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisində həmin eksponatların bir qismi nümayiş etdirilir.

Bu günlərdə muzeyin kolleksiyası yeni nadi eksponatla zənginləşmişdir. Belə ki, Taqanroq şəhərində (Rusiya Federasiyası) fəaliyyət göstərən “Azərbaycan Cəmiyyətinin” sədri Tacəddin İbrahimov Milli Azərbaycan Tarixi Muzeyinə Şimali Qafqazda gedən döyüşlərdə həlak olmuş sovet döyüşçüsünün polad kaskasını hədiyyə etmişdir. Güllə ilə deşilmiş kaska 1942-ci ildə ağır döyüşlərin getdiyi Taqanroq ətrafında tapılmışdır. Xatırladaq ki, Taqanroq şəhərinin azad edilməsinə görə azərbaycanlılardan ibarət olan 416-cı atıcı diviziyası fəxri “Taqanroq” adını almışdır. Şimali Qafqazın, o cümlədən Taqanroqun faşistlərdən azad edilməsində minlərlə azərbaycanlı həyatlarını qurban vermişlər.  1980-ci ildə Azərbaycan SSR-in o dövrdəki rəhbəri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və hərtərəfli dəstəyi ilə Sambek təpələrində Taqanroqu azad etmiş 416-cı Azərbaycan atıcı və 130-cu atıcı diviziyaların şərəfinə möhtəşəm abidə -  Şöhrət Memorialı, ucaldılmışdır (memar Elcan Şəmilov).

Tacəddin İbrahimov kaska ilə birlikdə Muzeyə Sambek təpələrindəki Şöhrət Memorialının əks olunduğu fotoşəkil hədiyyə etmişdir.

Xatırladaq ki, Muzeyin “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgisi oktyabrın 5-dək işini davam etdirəcək.

photo photo photo