XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Oktyabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyi 95 illiyini qeyd edəcək

photo2015-ci ilin oktyabrında Milli Azərbaycan Tarixi Muzeyinin 95 yaşı qeyd ediləcək. İlk addımlarını “Doğma diyarın tədris muzeyi” kimi atmağa başlayan muzeyin bu adına az sonra Azərbaycan Cümhuriyyətinin Parlamentinin ildönümü münasibətilə 1919-cu ildə açılmış, lakin fəaliyyət göstərməyə macal tapa bilməmiş “İstiqlal” muzeyinin varisi kimi “İstiqlal” adı da əlavə olunur.


1920-ci ilin oktyabr ayının 25-də muzeyin statusu genişləndirilmiş, Xalq Maarif Komissarlığının (XMK) sərəncamı ilə ona “Azərbaycan SSR Dövlət Muzeyi” adı verilmişdir.

Yarandığı ilk gündən mədəni-maarif və elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətə başlayan bu ilk dövlət muzeyi Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi, təbliği, eləcə də onların toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğul olmuşdur. Muzeyin fondlarında və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq maddi abidə qorunur. Bu gün bu kolleksiya tamaşaçıya və tədqiqatçıya ölkəmizin ən qədim dövrdən bu günədək tarixini, xalqımızın keçmişini, məişətini və mədəniyyətini öyrənmək, tariximizlə bağlı istənilən məsələni araşdırmaq imkanı verir.

Muzeydə aparılan elmi-tədqiqat işləri Azərbaycanda tarix elmini inkişaf etdirməklə yanaşı özünün başlıca vəzifəsini yerinə yetirir: muzeyin simasını - onun ekspozisiyasını formalaşdırır. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyayi materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şəhadətlik edir.

Muzeydə hal-hazırda 11 fondla yanaşı 6 elmi şöbə, o cümlədən, arxeologiya, etnoqrafiya və numizmatika elmi-fond şöbələri, bərpa laboratoriyası və kitabxana fəaliyyət göstərir.

Muzeyin 95 və Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı Muzey tərəfindən azərbaycan, rus və ingilis dillərində “Milli Azərbayan Tarixi Muzeyi – 95” kitabı hazırlanmışdır. Kitabda muzeyin tarixi, 95 il ərzində keçdiyi şərəfli yol, burada çalışmış görkəmli mütəxəssislər, Muzeyin daimi və müvəqqəti ekspozisiyaları barəsində məlumat verilir. Kitabın tərtibatçı və mətninin müəllifi akademik Nailə Vəlixanlıdır.

Milli Azərbaycan Tarixi Muzeyinin 95 yaşı ilə bağlı Muzeydə təntənəli tədbir keçiriləcək.