XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Oktyabr, 2015
II Dünya müharibəsinə həsr olunmuş sərgi öz işini yekunlaşdırdı

photoMilli Azərbaycan Tarixi Muzeyində mayın 5-də açılışı olan “Azərbaycan II dünya müharibəsi illərində (faşizm üzərində qələbənin 70 illiyinə həsr olunur)” adlı sərgi öz işini yekunlaşdırmışdır.


İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.

Muzeydə təşkil olunmuş sərgi muzeyin fondlarında qorunan eksponatlar və  toplanılmış materiallar əsasında hazırlanmışdır. Sərgidə 483 eksponat, 230 foto-şəkil və 13 rəsm əsərlərindən ibarət ön cəbhədə və arxa cəbhədə vuruşan əsgərlərin materialları, Azərbaycan Sovet İttifaqı qəhrəmanlarının şəxsi əşya, sənəd və ləvazimatları, döyüş sursatları nümayiş olunur. Təqdim olunan bu materiallar ilk dəfədir ki, geniş ictimaiyyətə çatdırılır. Əcnəbi qonaqların, turistlərin rahat məlumat almaları üçün sərginin materiallarının annotasiyaları və onlar haqqında məlumat 3 dildə - azərbaycan, rus və ingilis dillərində verilmişdir.

Böyük Vətən müharibəsinin 70 illiyinə həsr olunan sərgi ziyarətçilərin böyük marağına səbəb olmuşdur. Sərgini yerli vətəndaşlar, xarici qonaqlar, hərbiçilər, kursantlar, tələbələr ziyarət etmişdilər. Qeyd etmək lazımdır ki, sərginin azərbaycan və rus dillərində kataloqu çap olunmuşdur. Kataloq Muzeyin direktoru, akademik Nailə Vəlixanlının elmi redaktorluğu ilə Azərbaycan və rus dillərində nəşr olunmuşdur. Burada Azərbaycanın II Dünya müharibəsindəki rolundan bəhs edilir. Kataloq “Azərbaycan II Dünya müharibəsində” bölməsi ilə başlayır. Burada Muzeydə təşkil olunan Böyük Vətən müharibəsinə həsr olunmuş eyniadlı sərgidə nümayiş olunan materialların foto-şəkilləri yer almış və sərginin bölmələri, eksponatlar haqqında ətraflı məlumat verilmişdir. 

  Vacib məqamlardan biri də budur ki, sərginin fəaliyyəti dövründə ayrı-ayrı vətəndaşlar Azərbaycanın II Dünya müharibəsində iştirakına dair müxtəlif materialları muzeyə hədiyyə etmişlər. Taqanroq şəhərində (Rusiya Federasiyası) fəaliyyət göstərən “Azərbaycan Cəmiyyəti”nin sədri Tacəddin İbrahimov Milli Azərbaycan Tarixi Muzeyinə Şimali Qafqazda gedən döyüşlərdə həlak olmuş sovet döyüşçüsünün polad kaskasını hədiyyə etmişdir. Güllə ilə deşilmiş kaska 1942-ci ildə ağır döyüşlərin getdiyi Taqanroq ətrafında tapılmışdır. Xatırladaq ki, Taqanroq şəhərinin azad edilməsinə görə azərbaycanlılardan ibarət olan 416-cı atıcı diviziyası fəxri “Taqanroq” adını almışdır.

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan II dünya müharibəsi illərində (faşizm üzərində qələbənin 70 illiyinə həsr olunur)” adlı sərginin açılışından bu vaxtadək sərgini 2833-ə yaxın tamaşaçı ziyarət edib.

img img 1 2 3 4 5 6 7 8 9 11 12 13 14 15