Oktyabrın 13-14-də Gəncədəki Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə keçirilən beynəlxalq konfrans Azərbaycan və Türkiyə respublikalarının Müstəqillik günlərinə həsr olunub.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iştirak etdi.
Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirə olunduğu konfransı AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açaraq, VIII Beynəlxalq Atatürk konfransını himayəyə götürən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana konfrans iştirakçıları adından minnətdarlığını bildirdi.
Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin VIII Beynəlxalq Atatürk konfransının iştirakçılarına təbrik məktubunu oxudu.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırdı və konfransın işinə uğurlar arzuladı.
Konfransda Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsinin sədri Derya Örs, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq və başqaları çıxış edərək bildirdilər ki, təhrif olunmuş tarix xalqları həmişə üz-üzə qoyur.
Konfrans iştirakçıları tarixçi alimlərə belə bir imkan və şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanladılar.
Sonra Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhanın Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna fəxri doktor seçilməsi elan edildi və institutun diplomu görkəmli alimə təqdim olundu. Diqqətə çatdırıldı ki, artıq AMEA-nın Tarix İnstitutu Türkiyənin Atatürk Araşdırma Mərkəzi ilə birlikdə ortaq türk tarixinin yazılması üçün işlərə başlayıb.
Konfrans iştirakçıları mərkəzin foyesində Azərbaycan və türk xalqlarına qarşı törədilən soyqırımı siyasətini əks etdirən arxiv sənədlərinin surətlərindən ibarət sərgiyə də baxdılar.
Daha sonra konfrans işini plenar iclaslarda davam etdirdi.
Konfransın yekun iclasında AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edərək konfransın əhəmiyyətindən danışdı. Diqqətə çatdırdı ki, məruzələrdə əsasən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımları, Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı və digər məsələlər ətrafında maraqlı fikirlər səsləndirildi.130-dan çox alimin iştirak etdiyi konfransda 90-dək məruzə dinlənildi.
Bağlanış mərasimində VIII Beynəlxalq Atatürk konfransı iştirakçılarının dünya ictimaiyyətinə Azərbaycan, rus, türk və ingilis dillərində müraciəti qəbul olundu. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Müqaviləni Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsin imzaladılar.
Atatürk Araşdırma Mərkəzinin rəhbəri, professor Mehmet Ali Beyhan, Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Atatürk Mədəniyyət və Tarix İdarəsinin rəhbəri Derya Örz çıxış edərək VIII beynəlxalq Atatürk konfransının yüksək səviyyədə keçdiyini, məruzələrin çox zəngin olduğunu diqqətə çatdırdılar. Konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışan natiqlər onu da vurğuladılar ki, bu mötəbər tədbirdə söylənən hər bir fikir tariximizi saxtalaşdıranlara tutarlı cavabdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir mötəbər tədbirin təşkilində əməyi olanlara, eləcə də konfrans iştirakçılarına şəhər ictimaiyyəti adından minnətdarlıq etdi.
Sonda konfransın təşkilatçılarına xatirə hədiyyələri və sertifikatlar təqdim olundu.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.