Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş “Milli Azərbaycan Tarixi Muzeyi” adlı kitab-albom çapdan çıxmışdır.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlının müəllifliyi və tərtibatçılılığı ilə nəşr olunan bu kitabda Muzeyin 95 illik fəaliyyətindən, keçdiyi keşməkeşli yoldan, əldə etdiyi uğurlardan bəhs edilir. Kitab-albomda muzeyin yaranma tarixi, onun elmi-təbliği, metodoloji və maarifçi fəaliyyət istiqamətləri, elmi və muzey əməkdaşları, nəşrləri, şöbə və fondları, bərpa laboratoriyası, kitabxanası, müxtəlif ekspozisiyaları, səyyar və stasionar sərgiləri və s. haqqında hərtərəfli və dolğun məlumat öz əksini tapmışdır. 1920-2015-ci illərdə Muzeydə çalışan əməkdaşların foto-şəkilləri də kataloqda xüsusi yer tutur.
Maddi-mənəvi sərvətlərin saxlanıldığı Milli Azərbaycan Tarixi Muzeyi tarixi yaddaşımızın, mədəni irsimizin qoruyucusudur. Kitab-albomda bu zəngin məbəddə qorunan irslə yanaşı illər boyu burada keçirilən tədbirlər, mərasimlər, muzeyi ziyarət etmiş xarici ölkələrin səlahiyyətli nümayəndələri, dövlət başçıları, səfirlər, eləcə də muzeyə təqdim edilən xatirə əşyaları və s. haqqında da məlumat verilmişdir. Kitabda Muzeyin gənc alim və mütəxəssislər şurasının fəaliyyəti də öz əksini tapmışdır.
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanın ilk dövlət muzeyi kimi 1920-ci ilin iyun ayından “Doğma diyarın tədris muzeyi- İstiqlal” adı ilə işə başlamış, həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adını almış bu mədəniyyət ocağı 1936-cı ildən həyata keçirilən yenidənqurma nəticəsində İttifaq EA-nın Azərbaycan filialı tərkibində tarix profilli Azərbaycan Tarixi Muzeyinə çevrilmişdir. Yarandığı ilk gündən mədəni-maarif və elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən muzey Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi və təbliği, eləcə də onların toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğul olmuşdur. Muzeyin 10 fondunda və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq maddi abidə qorunur. Muzeyin kolleksiyası tamaşıçıya və tədqiqatçıya ölkəmizin ən qədim dövrdən bu günədək tarixini, xalqımızın keçmişini, məişətini və mədəniyyətini öyrənmək, tariximizlə bağlı istənilən məsələni araşdırmaq imkanı verir. Ekspozisiya və xüsusi sərgilərdə nümayiş olunan minlərlə böyük əhəmiyyətə malik qiymətli abidə hər bir maraqlını muzeyin unikal kolleksiyası və bu kolleksiya vasitəsilə təqdim olunan vətən tarixi ilə tanış edir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.