XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Noyabr, 2015
Akademik Nailə Vəlixanlı “Əməkdar elm xadimi” adına layiq görülüb

imgAzərbaycan Respublikası Prezidentinin 3 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycanda tarix və şərqşünaslıq elmlərinin inkişafında, eləcə də muzeyşünaslıq sahəsindəki xidmətlərinə görə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.


Nailə Məmmədəli qızı Vəlixanlı 1940-cı ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin bitirəndən sonra elmi və pedaqoji fəaliyyətlə məşqul olmuş, “IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında” namizədlik və “Ərəb Xilafəti və Azərbaycan (İbn Xordadbeh ərəb coğrafi ədəbiyyatının digər nümayəndələrinin  əsərləri üzrə)” adlı doktorluq dissertasiyalarını müdafiə etmişdir.

2001-ci il AMEA-nın müxbir, 2007-ci ildə həqiqi üzvü seçilən Nailə Vəlixanlı 300-ə yaxın elmi əsərlərin, o cümlədən  “IX-XII əsr ərəb-coğrafiyaşünas səyyahları Azərbaycan haqqında”, “Ибн Хордадбех. Книга путей и стран”, “Ərəb Xilafəti və Azərbaycan”, “Naxçıvan - ərəblərdən monqollaradək” kitablarının, neçə-neçə muzey kataloqlarının müəllifidir.

Əsas elmi nailiyyətləri Ərəb Xilafətinin, o cümlədən Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemlərinin öyrənilməsi; orta əsr mənbələrinin tədqiqi, təhlili, nəşri; regionun social-iqtisadi münasibətləri, siyasi-mədəni tarixi və tarixi coğrafiyası, Azərbaycanın dövlətçilik rəmzlərinin öyrənilməsi və təbliği, Azərbaycanda muzeyşünaslıq elminin inkişafı ilə bağlı olan Nailə Vəlixanlının xidmətləri yüksək qiymətləndirilmiş, o, Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Nailə xanımın son illərdə əldə etdiyi böyük nailiyyətlərdən biri də onun elmi təşkilatçılığı və redaktorluğu ilə çoxcildli “Azərbaycan tarixi”nin II cildinin işıq üzü görməsidir. Azərbaycan tarixinin III-XIII əsrin I rübünədək olan dövrünü əhatə edən bu cildin hər bir səhifəsi bilavasitə onun elmi redaktəsindən keçmiş, o, bu cildə girişlə yanaşı əsas müəlliflərdən biri kimi müxtəlif problemlərə dair mətn yazmışdır.

N.Vəlixanlı 1981-ci ildən bu günədək “AMEA Xəbərləri (tarix, fəlsəfə, hüquq seriyası)” jurnalında məsul katib, son illərdə isə baş redaktor kimi fəaliyyət göstərmiş, yüksək səviyyəli məqalələrin hazırlanmasında yaxından iştirak etmişdir.

Muzeyə rəhbərlik etdiyi on ildən artıq bir dövrdə N.Vəlixanlı bu zəngin mədəniyyət ocağını dünyanın qabaqcıl muzeyləri səviyyəsinə çatdırmış, Azərbaycan xalqının ən qədim dövrlərdən bugünədək tarixi inkişaf yolunu əks etdirən ekspozisiyanın qurulması, müxtəlif mövzulu sərgi, konfrans, simpozium və seminarların təşkili işlərinə rəhbərlik və bilavasitə iştirak etmiş, muzey materiallarına həsr olunmuş elmi əsərlərin, o cümlədən kitab-albom, kataloq, buklet və bələdçi kitablarının nəşrinə nail olmuşdur. Məhz onun rəhbərliyi dövründə dövlətin dəstəyi və birbaşa ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Milli Azərbaycan Tarixi Muzeyi ölkənin ən iri və dünya əhəmiyyətli muzeyinə çevrilmişdir.

Azərbaycanın görkəmli alimini “Əməkdar elm xadimi” Fəxri adının verilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona Ulu Tanrıdan uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.