XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Noyabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyində “Naxçıvan bayraqları” kitabının təqdimatı keçirildi

imgNoyabrın 6-da Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlovun “Naxçıvan bayraqları” (Bakı, 2015-ci il) adlı kitabının təqdimatı keçirildi.


Azərbaycan tarixşünaslığında bu mövzuya həsr olunmuş ilk əsər olan “Naxçıvan bayraqları” kitabında XVIII – XIX əsrin əvvəllərində mövcud olmuş Naxçıvan xanlığının yeni aşkar olunmuş dövlət və döyüş bayraqları haqqında məlumat verilir. Belə ki, müəllifin Rusiya Federasiyasının müxtəlif muzeylərdə apardığı araşdırmalar nəticəsində aşkar olunmuş bayraqlar Azərbaycan dövlətçilik tarixini yeni faktlarla zənginləşdirmişdir. Kitabda Dövlət Ermitajı və Artilleriya Muzeyində (Sankt- Peterburq şəhəri) müəyyən olunmuş bayraqların tarixi, təsvirləri, fotoları ilk dəfə verilir. Müəllif bayraqlar üzərində olan rəmzlər, onların mənaları haqqında ətraflı məlumat vermişdir. 

Kitabda həmçinin Milli Azərbaycan Tarixi Muzeyində dövlətçilik rəmzlərinin araşdırılması tarixi, Muzeyin kolleksiyasında olan 12 xanlıq bayrağı, eləcə Naxçıvanda formalaşdırılmış və Rusiya imperiyasının ordusunun tərkibində olmuş hərbi hissələrin döyüş bayraqlarının təsviri verilir. 

Tədbirdə Azərbaycan Milli Elmlr Akademiyası Rəyasət Heyətinin üzvləri, alimlər, muzey əməkdaşları, alimlər, ali təhsil ocaqlarının müəllimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamladı. O, Muzeydə Azərbaycanın dövlətçilik rəmzlərinin tarixinin araşdırılması istiqamətində aparılmış silsilə tədbirlər haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, Muzey tərəfindən nəşr olunan “Azərbaycanın dövlətçilik rəmzləri” kitabı, “Azərbaycan bayraqları” kataloqunda Muzeydə qorunan və dövlətçilik ənənələrinin qədimiliyi və zənginliyini nümayiş etdirən tarixi materiallar ilk dəfə olaraq əks olunmuşdur. Təsadüfi deyil ki, P.Gözəlov muzeyin aspirantı olmuş, dissertasiyanı muzeydə yerinə yetirmişdir.

Kitabın müəllifi Pərvin Gözəlov 2007-ci ildən Azərbaycan, o cümlədən Naxçıvan xanlığının bayrağının tapılması istiqamətində apardığı elmi axtarışlar barəsində ətraflı danışdı. O, müəllifi olduğu kitabın strukturu, əsas elmi məzmunu, əldə etdiyi nəticələr barəsində məlumat vermişdir. O, qeyd etmişdir ki, həyata keçirdiyi araşdırmalar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mənəvi dəyərlərimizin öyrənilməsi, eləcə də vacib tarixi əhəmiyyət kəsb edən eksponatların müəyyən olunub respublikaya qaytarılması barəsində tövsiyyələrinə arxalanmışdır.

Sonda natiq elmi tədqiqatların keçirilməsinə ona şərait yaratmış AMEA rəhbərliyinə, həmçinin Muzeyin direktoru, akademik Nailə Vəlixanlıya dərin təşəkkürünü bildirdi.

P.Gözəlovun çıxışı Dövlət Ermitajı və Artilleriya Muzeyində saxlanılan Naxçıvan xanlığının bayraqlarının, onların tərkib elementlərinin slaydlar və qısa video- çarx şəklində nümayiş ilə müşayyət olundu.

AMEA vitse- prezidenti, akademik İsa Həbibbəyli öz çıxışında “Azərbaycançılıq” məfhumuna toxunaraq Azərbaycanın dövlətçilik tarixinin, o cümlədən dövlətçilik rəmzlərinin tarixinin araşdırılmasının vacibliyini xüsusi qeyd etmişdir. Naxşıvan xanlığının bayraqlarının axtarışlarının təşəbbüskarı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovun olmasını xüsusi vurğulayan İsa Həbibbəyli Azərbaycan tarixinin şanlı səhifələrindən olan Naxçıvan xanlığının dövlətçilik rəmzlərinin öyrənilməsi və təbliği istiqamətində son illərdə vacib işlər görülməsini qeyd etmişdir. P.Gözəlovun bu sahədə həyata keçirdiyi axtarışlar öz bəhrəsinin vermiş və Sankt-Peterburq şəhərində, Dövlət Ermitajı və Artilleriya Muzeyində xanlığın dövlət və döyüş bayraqlarının tapılması ilə nəticələnmişdir. Bu faktı Azərbaycan tarixşünaslığının vacib qələbəsi adlandıran akademik təqdim olunan kitabın bayraqların təbliğində böyük rol oynayacağından əmin olmasını qeyd etmişdir. Azərbaycan xanlıqlarının dövlətçilik rəmzlərinə toxunan İ.Həbibbəyli Naxçıvan xanlığının bayraqlarının tapılması şəraiti, eləcə də bayraqların mahiyyəti və onların üzərində təsvir olunan rəmzlər haqqında ətraflı məlumat verdi.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov tədbir iştirakçılarını belə önəmli hadisə ilə təbrik etdi. Xüsusi olaraq vurğulandı ki, Azərbaycanda elmi tədqiqatların aparılması Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri ilə respublikada yaradılmış sabitliyin sayəsində mümkün olmuşdur. B.Əsgərov qeyd etdi ki, alimlərin aşkar etdiyi bayraqların mulyajları hazırlanacaq və Naxçıvanda sərgilənəcək ki, xalqımız öz dövlətçilik rəmzlərini tanısın, qürurlansın. O, P.Gözəlova gələcək axtarışlarında uğurlar arzuladı.

Sonda qonaqlar furşetə dəvət olundular.

img img img img