Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 16 noyabr tarixli Sərəncamı ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlov Naxçıvan xanlığının bayraqlarının tədqiqi sahəsində fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasının 90 illiyi” yubiley qızıl medalı ilə təltif edilmişdir. Yubiley medalı P.Gözəlova Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının təqdimatı zamanı verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə çıxış edərək qeyd etmişdir ki, siyasi tariximizdəki müstəsna xidmətlərinə baxmayaraq, Naxçıvan xanlığının tarixi əvvəllər lazımi səviyyədə öyrənilməmişdir. 1996-cı ildən Naxçıvan Muxtar Respublikasında ulu öndərimizin müəyyənləşdirdiyi istiqamətlərdə tariximizin yenidən və obyektiv mənbələr əsasında araşdırılmasına başlandı. Həmin il keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumu qarşıya ciddi elmi proqram qoydu. Bu proqram mərhələ-mərhələ icra olundu. Həm ən qədim, həm orta əsrlər, həm də müasir tariximiz yenidən öyrənildi. Bu gün deyə bilərik ki, nəticələr uğurludur. Xüsusilə Naxçıvan xanlığının tarixi üzrə aparılan elmi araşdırmalar öz bəhrəsini vermişdir.
Ali Məclisin Sədri demişdir: Rusiyanın Sankt-Peterburq şəhərindəki muzeylərdən tapılan Naxçıvan xanlığının dövlət və döyüş bayraqları bu ərazidə mövcud olmuş dövlətlərin rəmzlərinin müəyyən edilməsi sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Bu tapıntılar Azərbaycanın xanlıqlar dövrü dövlət atributlarının müəyyən edilməsi sahəsində tədqiqatlara mühüm elmi istiqamət verir. “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və ali təhsil müəssisələri dövlətçilik tariximizin araşdırılması istiqamətində elmi tədqiqatları bundan sonra da davam etdirməlidirlər. Tariximizin öyrənilməsi ilə bağlı bütün təşəbbüslər bu günə qədər olduğu kimi, bundan sonra da müdafiə olunacaq və lazımi dəstək veriləcəkdir”, – deyən Ali Məclisin Sədri Naxçıvan xanlığının bayraqlarının tədqiqi sahəsində fəaliyyətinə və faydalı əməkdaşlığa görə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Pərvin Gözəlova təşəkkürünü bildirmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov demişdir ki, Naxçıvan xanlığının bayraqlarının 187 il sonra Naxçıvana qaytarılması və təqdimat mərasiminin keçirilməsi tarixi hadisədir. Aşkar olunmuş yeni bayraqlar Azərbaycanın dövlətçilik ənənələrinin, rəmzlərinin tarixi köklərinin əyani sübutudur. Bu bayraqların tapılması Naxçıvan xanlığının tarixinin öyrənilməsinə mühüm töhfələr verəcək, xalqımızın tarixi-mədəni irsinə qarşı aparılan əks-tədqiqat təşəbbüslərinə son qoyacaqdır. Pərvin Gözəlov apardığı elmi-tədqiqat işlərinə verdiyi yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, bu istiqamətdə tədqiqatlarını davam etdirəcəyini bildirmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.