XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Dekabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyi ilə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi arasında əlaqələr genişlənir

imgMilli Azərbaycan Tarixi Muzeyinin Elmi-Fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova Tbilisi şəhərinə elmi ezamiyyəti çərçivəsində burada yerləşən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində olmuşdur.


Muzeyin direktoru Leyla Əliyeva qonağı qəbul edərək, Muzeyin yaradılması haqqında danışmışdır. Məlumat verilmişdir ki, görkəmli Azərbaycan dramaturq və yazıçısı Mirzə Fətəli Axundov 1834-cü ildə Tiflisə gəlmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Bina M.F.Axundovun öz vəsaiti hesabına inşa edilmişdir. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundovun ev-muzeyi kimi fəaliyyət göstərib. 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundovun ev-muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən, ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri, Baş nazirin birinci müavini, həmçinin nazirlər iştirak ediblər. 2014-cüildə Gürcüstana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Hazırda muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq, təmsil və təbliğ etməkdir. Muzey Gürcüstanda fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycan mədəni irsinə aid milli dəyərlərimizi aşkarlayaraq tədqiq edir, onların sərgilərini keçirir. Muzeydə mədəni tədbirlər, görüşlər, konfranslar təşkil edilir. Muzeyin nəzdində Mirzə Şəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə qurduğu "Divani-Hikmət" ədəbi məclisinin fəaliyyətini davam etdirən "Müdriklər Məclisi" təsis edilib və ədəbi dərnək kimi fəaliyyət göstərir. Muzeyin ekspozisiya hissəsi altı zaldan ibarətdir. Muzeydə Tbilisi şəhərində yeganə olan azərbaycandilli kitabxana fəaliyyət göstərir. Həmçinin inzibati binada incəsənət qalereyası və "Monsieur Jordan" kafe-ədəbi kitabxanası yerləşir. Kafedə M.F.Axundovun mumdan hazırlanmış heykəli qoyulub.

Görüşün sonunda Milli Azərbaycan Tarixi Muzeyi ilə Tiflisdəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi arasında əlaqələrin genişləndirilməsi, elmi ədəbiyyat mübadiləsi, birgə tədbirlərin keçirilməsi ətrafında müzakirələr aparıldı.

img img img img img img img