Dekabrın 25-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik, əməkdar elm xadimi Nailə xanım Vəlixanlının yubileyidir. Muzey əməkdaşlarına böyük dayaq olan, onların sevgisini, hörmətini qazanan və ən əsası Muzeyin həyatında, fəaliyyətində, dirçəlməsində mühüm xidmətləri olan Nailə xanım bu ömür yolunda böyük uğurlara imza atmışdır.
Nailə Məmmədəli qızı Vəlixanlı (Vəlixanova) 25 dekabr 1940-cı ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuş, 1963-cü ildə fərqlənmə diplomu ilə Universiteti bitirdikdən sonra təyinatıla EA Şərqşünaslıq İnstitutunun ərəb şöbəsinə baş laborant vəzifəsinə göndərilmişdir. 1964-cü ilin fevralından 1967-ci ilin iyununadək həmin İnstitutun əyani aspiranturasında təhsilimi davam etdirmiş, akademik Ziya Bünyadovun elmi rəhbərliyi ilə “IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında” mövzusunda namizədlik dissertasiyasını başa çatdırmış, 1968-ci ildə həmin işi müdafiə etmişdir. 1967-1992-ci illərdə Şərqşünaslıq İnstitutunun orta əsrlər tarixi şöbəsində kiçik elmi işçidən aparıcı elmi işçiyədək vəzifələrdə çalışmış, 1992-ci ildə çoxcildlik Azərbaycan tarixinin II cildi üzərində apardığı işlə əlaqədar EA Tarix İnstitutunun orta əsrlər tarixi şöbəsinə keçmişdir. 1996-1997-ci illərdə Azərbaycan Universitetində professor vəzifəsində işləmişdir. 1998-ci ilin iyul ayından MEA Azərbaycan Tarixi Muzeyinin direktorudur. 1994-cü ildə “Ərəb Xilafəti və Azərbaycan (İbn Xordadbeh və ərəb coğrafi ədəbiyyatının digər nümayəndələrinin əsərləri üzrə)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu illər ərzində Xilafətin, o cümlədən Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemləri ilə, regionun ictimai-siyasi-iqtisadi-mədəni tarixi məsələləri ilə məşğul olmuş, bunlara dair elmi əsərlər yazmış və çap etdirmişdir. 1970-2005-ci illərdə pedaqoji fəaliyyətlə də məşğul olmuş, Azərbaycan (Bakı) Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda, Xəzər, “Ziya”, “Azərbaycan” universitetlərində və b. ali məktəblərdə “Ərəb ölkələri tarixi”, “Orta əsrlər tarixi”, “Ümumi tarix”, “Asiya və Afrika ölkələri tarixi”, “Dünya dinləri”, “Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı” və digər fənləri, eləcə də ixtisası üzrə kurs və xüsusi seminarları tədris etmişdir. Muzeydə direktor kimi fəaliyyət göstərdiyi illərdə muzeyin yenidən qurulması, ekspozisiyanın yeniləşdirilməsi, sərgilər təşkil edilməsi, fondların yenidən qurulması, muzeyin elmi əsərlərinin nəşrinin bərpası, aspirantların yetişdirilməsi, kataloqların hazırlanması və çap edilməsi və b. işlərlə yanaşı elmi fəaliyyətini də davam etdirmişdir.
N.Vəlixanlı 2001-ci ildə MEA-nın müxbir üzvü, 2007-ci ildə - həqiqi üzvü seçilmişdir. 2007-2012-ci illərdə AMEA-nın vitse-prezidenti vəzifəsində çalışmışdır. Muzey işi və elmi fəaliyyətlə bərabər hələ 1981-ci ildən məsul katibi, 2010-cu ildən baş redaktoru olduğu “Azərbaycan EA Xəbərləri (tarix, fəlsəfə, hüquq)” redaksiyasında da çalışmış, İran, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Macarıstan, Norveç, Çin, İtaliya, Fransa, Polşa və digər xarici ölkələrdə, eləcə də respublikada keçirilən konfrans və simpoziumlarda məruzələrlə çıxışlar etmişdir. 200-dən artıq elmi əsərin müəllifidir.
1970-ci ildə “Rəşadətli əməyə görə”medalı, 2010-cu ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 2015-ci ildə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar ölkə prezidentinin sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adını almışdır.
Muzeyin kollektivi dəyərli alim, səmimi insan, gözəl xanım akademik Nailə Vəlixanlını təbrik edir, ona can sağlığı, işlərində yeni-yeni müvəffəqiyyətlər, həmişə belə gözəl, gülərüz qalmağını arzulayır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.