Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə Fransa Respublikası Mədəniyyət və Kommunikasiya Nazirliyinin maliyyə dəstəyi ilə Paris yaxınlığındakı Sen-Jermen şəhərindəki Sen-Jermen-en-Laye Milli Arxeologiya Muzeyində 18 gün ərzində həyata keçirilən qrant layihəsində iştirak edərək vətənə qayıtmışdır.
O, Muzeydə qorunan, fransız arxeoloqu Jak de Morqanın 1889-1891-ci illərdə Azərbaycan ərazisində aşkar edib Fransaya apardığı qədim maddi mədəniyyət nümunələri ilə tanış olmuş, onları öyrənmişdir. İstirahət və konfrans günləri istisna olmaqla N.Quluzadə ümumilikdə 548 ədəd qədim əşya ilə bağlı zəruri məlumatları qeydə almışdı. Zəruri məlumatlara hər bir qədim əşyanın foto şəkilləri ilə yanaşı, inventar və əlavə nömrələri, adı, dövrü, tapıldıqları məkanların adı, təsviri, ölçüləri, saxlanma vəziyyətləri ilə bağlı və digər qeydlər daxil idi.
Layihədəki iş müddətində 502 ədəd qədim əşya Azərbaycanın cənub bölgəsinin Aspa-His, Amarat, Cönü, Mistan, Hovil, Cucik, Veri və Hiveri abidələrindən, eləcə də İranın Lor-Dağı, Monidigiyir abidələrindən tapılmışdı. Yalnız 46 ədəd qədim əşyanın Azərbaycan və ya İran ərazilərindən tapılması məlum deyildi və tapılma məkanı mübahisə doğururdu.
Aspa-Hiz abidəsindən tapılmış arxeoloji əşyalardan 4 ədədi tunc, 25 ədədi isə dəmir silah nümunəsidir. Diqqətdən keçirilmiş Aspa-Hiz tapıntılarının 56 ədədi saxsı qablar və onların hissələridir. 2 ədəd nümunə isə tunc qaba aiddir. Sümük məmulatına gəldikdə onlardan 5 ədədi paleoantropoloji qalıq, yalnız 1 ədədi muncuqdur. Daş məmulatı da çox az olub, 3 ədəddən ibarətdir. Onlardan ikisi kürə formalı əşya, biri isə həvəng dəstəyidir. Aspa-Hiz abidəsinin tapıntıları arasında bəzək nümunələri çoxluq təşkil edir: 12 ədəd muncuq düzümü, 44 ədəd tunc bilərzik, 10 ədəd tunc üzük, 3 ədəd zınqırov formalı tunc asma, 39 ədəd tunc bəzək, 2 ədəd tunc düymə və 1 ədəd tunc maral fiquru öyrənilmiş; gildən və digər materiallardan hazırlanmış 25 ədəd muncuq nümunəsi də tədqiqata cəlb olunmuşdu. Beləliklə, ümumilikdə 232 ədəd Aspa-Hiz tapıntısı nəzərdən keçirilmişdi.
Amarat abidəsindən tapılmış qədim əşyalarla tanışlıq zamanı 2 ədəd tunc nizə ucluğunun, 1 ədəd tunc kəmərin, 3 ədəd tunc əmək alətinin, 2 muncuq düzümünün, 1 ədəd muncuq dənəsinin və tunc bəzəyin ölçüləri götürülmüş, təsviri verilmiş və foto şəkilləri çəkilmişdi - ümumilikdə 10 ədəd.
N.Quluzadə layihədəki iş müddətində 1 ədəd Mistan tapıntısını diqqətən keçirmişdi: əldə formalaşdırılmış və yaxşı bişirilmiş iki birləşik qabdır. Xarici səthi isə basma üsulu ilə ziq-zaq, ulduz və qoşa nöqtələrlə bəzədilib.
İranın Talış bölgəsindən tapılmış qədim əşyalar da N.Quluzadənin öyrəndiyi materiallar sırasına daxil idi. Bunlar Lor-dağı abidəsindən tapılmış 1 ədəd vaza və Monidigir abidəsindən tapılmış 3 ədəd duz qabı və dolça tipli qablardır.
N.Quluzadə tərəfindən öyrənilən qədim əşyalar arasında Hovil abidəsindən tapılmış arxeoloji materiallar da yer alıb: onlardan 3 ədədi tunc qılınc tiyəsi, 7 ədədi isə saxsı qabdır. N.Quluzadə lahiyə müddətində həmçinin Cönü abidəsinin tapıntıları ilə tanış olub. Cönü tapıntıları arasında 117 ədəd saxsı nümunəsi, 41 ədədi dəmir, 24 ədədi isə tunc silah nümunəsi idi. Öyrənilmiş bəzək nüunələrindən 27 ədədi zınqırov formalı tunc asma, 14 ədədi tunc bəzək, 3 ədədi tunc bilərzik, 2 ədədi tunc maral fiquru və 2 ədədi tunc üzük idi. Ümumilikdə, 236 ədəd Cönü tapıntısı nəzərdən keçirilib.
Bundan əlavə layihə müddətində Veri, Hiveri və Cucik abidələrindən əldə edilmiş silah nümunələri də öyrənilib. Cucikdən tapılmış 1 ədəd tunc xəncər istisna olmaq qalan 8 ədəd silah tunc qılınc tiyəsi idi. Cucikdən 2, Veridən 5 və Hiveridən isə 1 ədəd qılınc tiyəsi öyrənilib. Qılınc tiyələrinin hamısı ensiz və uzun lövhələrdən hazırlanmışdı.
N.Quluzadə tərəfindən öyrənilmiş bütün tapıntılar Talış-Muğan mədəniyyətinə aid olub, e.ə. II minilliyin sonlarına - I minilliyin əvvəllərinə aiddir. Yalnız 2 ədəd saxsı qab hazırlanma texnikasına və üslubuna görə islam dövrünün – VIII-XI əsrlərin nümunələrini xatırladırlar.
Formasından, məzmunundan, tərkibindən və təyinatından asılı olmayaraq öyrənilmiş bütün Talış-Muğan mədəniyyətinə aid əşyalar e.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Talış bölgəsində yaşamış əhalinin maddi və mənəvi mədəniyyətini öyrənmək üçün qiymətli əşyavi mənbələrdir.
Qeyd etmək lazımdır ki, layihənin uğurlu nəticələnməsində Sen-Jermen-en-Laye Milli Arxeologiya Muzeyinin əməkdaşları, xüsusilə layihənin məsul şəxsi Kristin Lorre rolu böyük olmuşdur. Layihədə N.Quluzadə İran əsilli alman arxeoloqu Həmid Fəhmi ilə birgə iştirak edib. Onlar arasında elmi-təcrübi məlumat mübadiləsi də baş verib.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.