XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Yanvar, 2016
Naxçıvan xanlığına məxsus olmuş üçüncü bayraq müəyyən edilib

zRusiya Federasiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olmuş Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlov tərəfindən “Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyi”nin bayraq fondunda aparılmış tədqiqat nəticəsində Azərbaycanın Naxçıvan xanlığına məxsus olmuş və indiyədək məlum olmayan yeni bayraq aşkar edilmişdir.


 Məlumdur ki, Şimali Azərbaycan xanlıqları ləğv edildikdən sonra onların bayraqları qənimət kimi Rusiya imperiyasının qüdrətini ifadə edən tarixi abidəyə çevrilmişdir. Xanlıqların işğalı zamanı Bakı xanlığının 9 bayrağı, Gəncə xanlığının 8 bayrağı və Cavad xanın ştandartı, Nuxa (Şəki) xanlığının 6 bayrağı, İrəvan xanlığının 4 bayraqları qənimət kimi götürülmüş, Sarskoselskiy saray arsenalına təhvil verilmiş, 1906-cı ildə Tiflisdəki Şöhrət Muzeyinə göndərilmişdir. Qarabağ, Naxçıvan, Şirvan, Quba və digər xanlıqların bayraqlarının axtarışı istiqamətində təhqiqatçı tərəfindən araşdırmalar aparılır.

 

Müəyyən olunmuşdur ki, hakimiyyətə yeni qələn xan əvvəlki dövlət bayrağını saxlasa da, öz bayrağını qəbul edirdi. Bu səbəbdən hər xanlığın bir neçə bayrağı mövcud olmuşdur.

P.Gözəlovun elmi tədqiqatları nəticəsində aşkar edilmiş Naxçıvan xanlığının üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı rus qoşunları tərəfindən alınmış və general İ.Paskeviç tərəfindən Sankt-Peterburqa göndərilmişdir. Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin fondunda bu bayraq “XVIII-XIX əsr müsəlman bayrağı” adı ilə saxlanılır.

Naxçıvan xanlığının aşkar olunmuş üçüncü bayrağı düzbucaq formadadır. Eni 92 sm, uzunluğu 192 sm olan bayraq bir-birinə üfüqi şəkildə tikilmiş yaşıl və qırmızı parçadan ibarətdir. Bayrağın yaşıl hissəsində qırmızı parçadan günəşin simvolik təsvirinə bənzər səkkizgüşəli ulduz tikilib. Bayrağın üzərindəki zədələnmiş hissələr muzeyin laboratoriyasında bərpa edilmiş, bayrağın üzərindəki ulduzun bir hissəsi bərk zədəli olduğundan ulduzun yeddi qüşəsi qalıb. Bayrağın sol tərəfindən ağac sapa taxılması üçün bayraq torbacığı tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının üzərinə dəmirdən düzəltdirilmiş nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb.

z z