XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Yanvar, 2016
Muzeydə yeni unikal qızıl zinət əşyaları

Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur.


 Arxeoloji qazıntılar nəticəsində tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm yer tutduğunu göstərir. Azərbaycan xalqına məxsus qiymətli metallardan hazırlanan çoxsaylı zinət əşyaları qədim tarixə malikdir.

Son zamanlarda AMEA Milli Azərbaycan Tarixi Muzeyi qiymətli metal nümunələri ilə zənginləşir. Muzey unikal qızıl və gümüş boyunbağılar əldə etmişdir.

XIX əsrə aid qızıl boyunbaği “çəçik” çəkisi 41,4 qramdır. Beş cərgəli çəçiyin hər cərgəsində 16 ədəd müxtəlif formalı asmalar var. Boyunbağının cərgələri “balıq”, ay, göy qaşlı ulduzlar, mərkəzində qırmızı qaşlı gül formalar və yumru təsvirli lövhələrdən ibarətdir.

XIX əsrin sonu XX əsrə aid qızıl boyunbağı qırmızı və qara muncuqlu arpa formalar, nəbati naxışlı yumru lövhə - “babaxanı”dan ibarətdir. Mərkəzində qırmızı qaşlı nəbati təsvirli medalyon var. Çəkisi 24,7 qramdır.

 

XX ərə məxsus olan 3-cü qızıl boyunbağı 31 ədəd yumru qızıl muncuqdan ibarətdir, mərkəzində 1 ədəd 1890-cı il Avstriya imperiyasına aid sikkə-medalyon var. Bu boyunbağıya  16,1 qram qızıl işlənmişdir.