XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Yanvar, 2016
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları muzeyin mərhum əməkdaşı, görkəmli alim Nərmin Abdulla qızı Tahirzadənin qəbrini ziyarət etmişlər

zYanvarın 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları muzeyin mərhum əməkdaşı,  görkəmli alim Nərmin Abdulla qızı Tahirzadənin qəbrini ziyarət etmişlər. 


Nərmin xanım Tahirzadə ömrünün böyük hissəsini muzeyə həsr etmişdir. O, 1921-ci il avqustun 13-də İstanbul şəhərində, Türkiyədə ali təhsil alan azərbaycanlı tələbə Abdulla Tahirzadənin ailəsində dünyaya gəlmişdir. Ailəsi Bakıya qayıtdıqdan sonra Nərmin xanım orta məktəbi, daha sonra isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirir. 1944-cü ildə ali təhsilini başa vuran N.Tahirzadə aspiranturaya daxil olmuş və həmin ildən etibarən ADU-da assistent, sonra isə müəllim vəzifəsində çalışmağa başlamışdır.

1949-cu ildə A.Tahirzadə saxta ittihamlarla həbs edilərək Mərkəzi Asiyaya, ailə üzvləri isə Rusiyanın şimalına – Tomsk vilayətinə sürgün olundular. 1953-cü ildə Nərmin xanımın atası bəraət alaraq ailəsi ilə birgə Bakıya qayıtdı. N.Tahirzadə yarımçıq qalmış dissertasiyasını tamamlayaraq uğurla müdafiə etmiş və tarix elmləri namizədi dərəcəsini almışdır.

1955-ci ildə Nərmin Tahirzadə Azərbaycan Tarixi Muzeyinə laborant vəzifəsinə qəbul olunmuş və özünün sonrakı elmi fəaliyyətini bütövlüklə bu mədəni-maarif ocağına bağlamışdır. Laborantdan Azərbaycanın yeni dövr tarixinin elmi ekspozisiyası şöbəsinin müdiri vəzifəsinə qədər yüksələn Tarix Muzeyinin ən qocaman əməkdaşı – Nərmin xanım muzey ekspozisiyasının qurulmasında və təkmilləşdirilməsində, sərgilərin təşkilində, muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsində, Azərbaycan tarixinin təbliğində böyük rol oynamışdır.

N.Tahirzadənin elmi maraqları XIX-XX əsrin əvvəllərində Azərbaycan təhsilinin tarixi, milli ziyalıların formalaşması məsələlərini əhatə edirdi.
N.Tahirzadə 2011-ci il yanvarın 17-də vəfat etmişdir.

z z z