Yanvarın 18-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “20 yanvar hadisəsinə həsr olunmuş” tədbir keçirildi.
Tədbirdə muzeydə qorunan və 1990-cı ilin yanvar hadisələrini əks etdirən çoxsaylı əşyalardan, fotolardan ibarət slayd-film və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi 20 yanvara həsr olunmuş ingilis dilində film nümayiş olundu.
Tədbiri açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı 1990-cı ilin yanvarında sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs etdi. Qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandıran N.Vəlixanlı bu günün heç zaman yaddaşlardan silinməyəcəyini qeyd etdi. Vurğuladı ki, həmin gün nə qədər hüznlə anılsa da, bir o qədər də xalqımızın şərəf tarixi kimi yada salınır, Qanlı 20 Yanvar gecəsində silahlı sovet ordusu xalqımızın azadlıq mübarizəsini qıra bilməmişdir. Məhz bu əzmin, mübarizənin sayəsində xalqımız azadlığına qovuşmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun məsul işçisi professor İsaxan Vəliyev də bu faciə haqqında məlumat verərək, həmin vaxt xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirdiyini xatırlatdı. Vurğuladı ki, 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət məhz ulu öndər, müdrik şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir.
Tədbirdə Nəsimi rayonu Texniki Humanitar Liseyi, Nərimanov rayon birləşmiş məktəb-lisey kompleksi, Nizami rayon 62 saylı məktə-liseyinin şagirdləri xalqımızın tarixinə qara hərflərlə yazılmış Qanlı 20 Yanvar hadisələrinə həsr olunmuş səhnəciklər, şeirlər və rəsm əsərləri ilə qatıldılar.
Tədbirdə ilk dəfə olaraq İndoneziya, Peru, Türkiyə, İran, İraq, Rusiya, Çin, Türkmənistan, Özbəkistan ölkələrindən Azərbaycan Sənaye, Bakı Dövlət, Qafqaz, Xarici dillər, Slavyan Universitetlərindən və Bakı Ali Neft məktəbində təhsil alan tələbələr iştirak etdilər. Azərbaycan məktəblilərinin 20 yanvara həsr olunmuş çıxışları əcnəbi tələbələrinin diqqətini cəlb etdi. Əsasən də şagirdlərin özlərinin işlədikləri rəsm əsərləri, hazırladıqları qərənfillər, braşurlar qonaqlara təqdim olundu.
Tədbirin gedişi zamanı Dövlət Uşaq Flarmoniyasının müəllimi Gilan Əzizxanlının rəhbərliyi ilə çəkilən şəkillər muzeyin fonduna hədiyyə olundu.
Tədbirin sonunda “İrs-Наследие“ beynəlxalq jurnalının müvafiq nömrələri tədbir iştirakçılarına paylandı və Nailə xanım tədbir iştirakçılarını muzeyə ekskursiyaya dəvət etdi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.