XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Fevral, 2016
Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş “Əsrin faciəsi” adlı anım tədbiri keçirildi

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".


AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş “Əsrin faciəsi” anım tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu və Muzeyin birgə təşkilatçılığı ilə hazırlanmışdır. Tədbirdə tarixçi alimlər, təhsil ocaqlarının müəllim, şagird və tələbələri, o cümlədən xarici tələbələr və media nümayəndələri iştirak etdilər.

Mərasimi giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, bu qanlı faciənin tarixi köklərindən danışdı. O, qeyd etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. O tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı öz ərazisinə ilhaq etmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir. “Bizə heç nə lazım deyil, biz öz torpaqlarımızı istəyirik!...”, deyərək Nailə xanım çıxışını bitirdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun müşaviri İsaxan Vəliyev soyqırım qurbanlarının başlarına gətirilən müsibətlərdən söhbət açdı. Daha sonra ingilis dilində dünya ictimaiyyətinin erməni millətçilərinin törətdikləri cinayətləri əks etdirən sənədli film nümayiş etdirildi.

Tədbir Binəqədi rayonu, 244 saylı məktəbin şagirdlərinin hazırladıqları proqramla yekunlaşdı. Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeir və musiqi parçaları ilə çıxış etdilər.