XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Aprel, 2016
Muzeydə şah İsmayıl Xətainin unikal sikkələri

Milli Azərbaycan Tarixi Muzeyində I Şah Ismayılın hakimiyyəti dövründə zərb olunan sikkələr qorunub saxlanılır.


Çoxəsrlik tariximizdə özünəməxsus və əhəmiyyətli yer tutan orta əsr dövlətlərindən biri Azərbaycan Səfəvilər dövləti olmuşdur. Səfəvilər imperiyasının banisi və ilk şahı I Şah İsmayıl 1501-ci ildə hakimiyyətə gəldi və Təbrizi paytaxt şəhər elan etdi. Tarixdə silinməz iz qoyan Xətai təxəllüsü ilə şerlər yazmış məşhur şair və böyük hökmdar Şah İsmayıl (Xətai) (1501-1524) Səfəvilər dövlətini güclü, qüdrətli imperiyalardan birinə çevirməyi bacardı.

Tanınmış numizmat, tarix elmləri doktoru Əli Rəcəblinin söylədiyinə görə, Səfəvi dövləti adından 70-dən çox şəhərdə pul kəsilib, o cümlədən Azərbaycan Respublikasının ərazisində orta əsr şəhərləri olan Zəyəm, Qum (Albaniya dövründə alban xristianlıq məbədlərinin olduğu şəhər), Ərəş şəhərlərində müxtəlif illərdə pullar zərb olunub. Sikkə istehsalının əsas mərkəzi paytaxt Təbriz zərbxanası idi.

I Şah Ismayılın dövrümüzə qədər gəlib çıxan qızıl, 200-ə yaxın gümüş sikkəsinin bir hissəsi Muzeyin Numizmatika fondunda qorunub saxlanılır, bəziləri isə ekspozisiyada nümayiş olunur.

Ziyarətçilərin böyük marağına səbəb olan qızıl sikkə I Şah İsmayılın adından Təbriz şəhərində kəsilib. Bu qızıl pul “Əşrəfi” adlanır, çəkisi 3,5 qramdır. Sikkənin bir üzərində, mərkəzdə fars dilində “Şah Ismayıl”, o biri üzündə isə şiə rəmzi “La ilahə illəllah, Muhammədin Rəsulillah, Əliyən Vəliyullah” yazıları həkk olunub.

Muzeyin ekspozisiyasında qorunan gümüş sikkə “şahı”nın orta çəkiləri 9,4 qramdır. Sikkənin başlıca funksiyası onun iqtisadi amil kimi əmtəə mübadiləsi, alış-veriş vasitəsi olması idi. Deyilənə görə, bu gümüş pullar imperiya üçün kəsilən sikkələr sayılırdı, həmçinin xaricdə də ticarət pulu kimi işlədilirdi.

Azərbaycan numizmatikası əsasında milli dövlətçilik tariximizin öyrənilməsində bu eksponatlar mühüm tarixi əhəmiyyətə malikdir.

Onu da qeyd edək ki, bu sikkələr hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “I Şah İsmayıl sərkərdə və hökmdar” adlı sərgidə nümayiş olunur.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/