XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Aprel, 2016
Multikulturalizm mövzusunda növbəti seminar keçirildi

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar olaraq 26 aprel saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Bilik Fondunun dəstəyilə multikulturalizmlə bağlı növbəti seminar keçirildi. 


 Tədbirdə BDU-nun dosenti Azər Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  böyük elmi işçisi Səlahəddin Eyyubov, psixoterapevt Ramazan Əsgərli, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin liderləri, muzey əməkdaşları da iştirak etdilər. 

    Seminarı açan Muzeyin əməkdaşı Pərvanə Əzimova tədbirin mahiyyəti və gələn qonaqlar haqqında qısa məlumat verib sözü muzeyin “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi”nin elmi işçisi  Əli Fərhadova verdi. Əli Fərhadov  “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzusu üzrə “Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında tolerantlıq və dini islahatçılıq mövzusu” (XIX-XX əsrin əvvəlləri) adlı məruzə ilə çıxış etdi və M.F.Axundov, M.Kazımbəy, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi mütəfəkkirlərin yaradıcılığı əsasında islam, babilik və bəhailikdə tolerantlıq, multikulturalizm və dini islahatçılıq mövzusu haqqında geniş məlumat verdi.

  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu günlərdə keçirilən VII Qlobal Forumda dediyi – “Biz hamımız eyni planetdə yaşayırıq!” sözünü nümunə gətirən məruzəçi Əli Fərhadov multikulturalizmin alternativi olmadığını, bütün din və mədəniyyətlərin Azərbaycanda mehriban şəkildə yaşamasının bir dövlət siyasəti olduğunu vurğuladı.

   Daha sonra BDU-nun dosenti Azər Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  böyük elmi işçisi Səlahəddin Eyyubov, psixoterapevt Ramazan Əsgərli çıxış edərək babilik və bəhailiyin tarixi, fəlsəfi əsasları, XIX-XX əsrin əvvəllərində qadın azadlığı haqqında məlumat verdilər. 

   Tədbirin sonunda iştirakçıların suallarına cavab verildi və bu kimi tədbirlərin gələcəkdə də davam etdiriləcəyi vurğulandı.

 

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/