XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Aprel, 2016
Muzeyin elmi işçisi Əli Fərhadov Dövlət İdarəçilik Akademiyasında multikulturalizm mövzusunda məruzə etmişdir.

  Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan multikulturalizmi və milli inkişaf modeli” adlı tədbir keçirilmişdir.


Tədbirdə Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, AMEA-nın nümayəndələri və tələbələr iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov multikulturalizmin bir dövlət siyasəti kimi əhəmiyyətindən danışdı və sözü məruzəçilərə verdi. Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Dövlət İdarəçilik Akademiyasının dosenti Firdovsiyyə Əhmədova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı elmi işçisi Dr. Rəşad İlyasov, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov və digərləri məruzə etdilər. Əli Fərhadov tədbirdə “XIX-XX əsrin əvvəllərində Azərbaycanda dini multikulturalizm” adlı məruzə etdi. O, dövrün əl-Bakuvi, Seyid Nigari kimi müsəlman din xadimlərinin, C.Məmmədquluzadə kimi ziyalıların yaradıcılığında din və məzhəb qardaşlığı, dini və dünyəvi elmlərin birlikdə öyrənilməsinin vacibliyi məsələlərinin, Zərrintac Tahirə və Əbdülbəha kimi babi, bəhai mütəfəkkirlərinin yaradıcılığında dinlərin və millətlərin qardaşlığının təbliği, Sayat Nova kimi erməni sufi şairlərinin əsərlərinə Azərbaycan mədəniyyətinin təsiri məsələlərindən danışdı.Əli Fərhadov cənab prezident İlham Əliyevin bu günlərdə keçirilən BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumda dediyi “Biz hamımız eyni planetdə yaşayırıq” sözünün bütün Azərbaycan gəncliyinə multikulturalizmin vacibliyi mövzusunda nümunə olması gərəkdiyini də bildirdi. Tədbirin sonunda iştirakçıların suallarına cavab verildi və bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin əhəmiyyəti vurğulandı.