XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Aprel, 2016
“I Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisinə həsr olunan mətbuat konfransı keçirildi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.


 KİV nümayəndələri üçün təşkil edilmiş mətbuat konfransı on gün əvvəl burada açılmış “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinə ictimai rəyə həsr edilib. 

Tədbirdə AzTV, İTV, APA, ANS, Lider televiziya kanallarının, AZRTAc, SİA.az, Salamnews informasiya agentliklərinin nümayəndələri, həmçinin tarixçilər, şərqşünaslar iştirak etmişdir.

Tədbirin açılışını edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı aprelin 15-də açılışı gerçəkləşən sərginin ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını bildirib. Onun sözlərinə görə, sərgi ictimaiyyətin ixtiyarına verilən gündən etibarən, qısa zaman çərçivəsində 1100-dən artıq tamaşaçı tərəfindən ziyarət olunub: “Səfəvilər dövlətinin hökmdarı, görkəmli sərkərdə I Şah İsmayılın həyat və yaradıcılığı haqqında yaradılan sərgiyə belə marağın olması çox sevindirici və qürurlu haldır.” Akademik Nailə Vəlixanlı cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın muzeyə gəlib eksponatlara maraqla tamaşa etdiyini qürurla vurğulayıb. O, bildirib ki, sərgiyə böyük maraq var: “Bildiyiniz kimi sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında tərtib olunub. Konsepsiya üzərində iş zamanı həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya və Avropa müəlliflərinin elmi əsərləri öyrənilib. Sərgi böyük maraqla qarşılanıb və insanların marağı bu gün də davam edir. Sərgi dekabrın 15-dək davam edəcək. İnanırıq ki, gələnlərin sayı bundan sonra da artacaq”.

Eyni zamanda təəssüflə bildirib ki, MATM-ın indiyə kimi ən uğurlu və çox ziyarət olunan sərgisi haqqında qərəzli jurnalist materialı da yer alıb. N. Vəlixanlı “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin afişasında Şah İsmayılın XVI əsrdə italiyalı rəssam tərəfindən çəkilmiş “Şah İsmayıl- Persida şahı”  sözləri yazılmış portretinin nümayiş etdirilməsini tənqid edənlərə də cavab verib. Belə ki, Şah İsmayılın XVI əsrdə naməlum Venesiyalı rəssam tərəfindən çəkilmiş portretində yazılan “Şah İsmayıl- Persida şahı” sözləri üzərində dayanıldı və bu məqamın tarixi şəxsiyyətə olunan hörmətsizlik kimi qələmə verilməsinə münasibət bildirildi. “Lakin bir sıra KİV nümayəndələri tərəfindən ortaya atılan əsassız ittihamlar bizi məyus etdi. Bu, doğru davranış deyil.” Direktor qeyd etdi ki, sərgi yaradılanda bir sıra tarixi mənbələrə, həmçinin, akademik Ramiz Mehdiyevin qələmə aldığı “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabına istinad olunub. Bütün tarixi əsərlərdə Şah İsmayılın milliyyəti, mənşəyi türk olaraq verilib. Portretdəki sözləri pozmaq kimi təkliflərə münasibətini bildirən Nailə xanım bu təklifi qəbul etmədiyini vurğuladı: “Çünki bizim tarixi təhrif etmək hüququmuz yoxdur. Portretdə yazılan sözlər isə görkəmli şəxsiyyətin milli mənsubiyyəti ilə deyil, siyasi fəaliyyəti, ələ keçirdiyi ərazilərdə qurduğu dövlətlə bağlıdır”. Media nümayəndələrinə xitabən akademik N.Vəlixanlı verilən məlumatların, yoxlanılıb verilməsinin vacibliyini vurğuladı. “Jurnalistlərdən biri yoxlanılmamış məlumatlara uyaraq I Şah İsmayılın portreti il bağlı süni qalmaqal yaratmağa çalışıb. Nəticədə Azərbaycanın tarixi və mədəniyyətini hər zaman aşağılamağa, silməyə çalışan Ermənistanın  KİV-ləri belə bir xəbəri azərbaycan jurnalistinə istinadla qərəzli məlumatları hər tərəfə yaymağa çalışıblar”. 

Muzey direktoru bildirib ki, baş verən halın işqılnadırdığı məsələyə jurnalistin qeyri-ciddi münasibəti ilə bağlıdır: “Bu məsələyə çox təəssüflənirik. Bunun səbəbi qərəz və savadsızlıqdır”.

Konfransda sərginin kuratoru, muzeyin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov “I Şah İsmayılın portreti “qalmaqal” obyekti kimi” mövzusunda təqdimatla çıxış edib. O, sərginin bir eksponatı - I Şah İsmayılın portreti ilə bağlı cəmiyyətdə yaranmış söz-söhbəti nəzərə alaraq portret haqqında ətraflı məlumat verib. S.Əhmədov sözügedən portretlə bağlı izahında bildirib ki, MATM sərgidəki şəkil üzərində dəyişiklik edə bilməz. Bu portret XVI əsrdə yaradılıb və müəllif onun  yuxarı hissəsində latınca “Şah İsmayıl- Persida şahı” sözlərini yazıb. MATM eksponat üzərində yazıları dəyişə bilməz və indiki halda buna heç ehtiyac da yoxdur. “Persiya, Persida” sözü inzibati-ərazi və ya dövlət termini olmamış, orta əsr Avropa düşüngəsində Anadoludan başlayaraq Hindistan sərhədlərinə qədər olan ərazini bildirirdi. Şah İsmayıl da elə bu ərziləri ələ keçirərək burada dövlət qurduğundan bu qüdrətli hökmdarı avropalılar Persiyanın hökmdarı kimi qəbul edirdilər. Təbii ki, bu sözlər onun milli mənsubiyyətini bildirmir. Təqdimatda sərginin kuratoru I Şah İsmayılın portreti ilə bağlı cəmiyyətdə süni şəkildə yaradılmış söz-söhbəti nəzər salaraq, portret haqqında ətraflı məlumat verib və mübahisəli məqamların aradan qaldırılması məqsədi ilə tarixi faktlara əsaslanıb.  

Daha sonra sərgidə iştirak edib öz rəylərini yazılı formada bildirən ictimaiyyət nümayəndələrinin fikirləri elektron variantda nümayiş olunub.

Sonda muzeyin əməkdaşları sərgi ilə bağlı sualları cavablandırıblar.

Xatırladaq ki, MATM-da  açılmış “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi dekabr ayının 15-nə kimi davam edəcək.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/