XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 May, 2016
Muzeyin əməkdaşları Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Heydər Əliyev irsində hərb tarixi” mövzusunda keçirilən elmi konfransda iştirak ediblər

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov, Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d. Sevinc Vahabova mayın 4-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən “Heydər Əliyev irsində hərb tarixi” mövzusunda elmi konfransda iştirak ediblər.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən konfrans müdafiə naziri Zakir Həsənovun təsdiqlədiyi “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2016-cı ildə elmi iş planı”na əsasən təşkil olunub. Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali təhsil, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin nümayəndələri, idarə və elmi mərkəzlərdәn 350-dən artıq təmsilçi iştirak edib.Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Sonra təbrik sözü ilə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrimizin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Nazir Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin bu gün regionun ən güclü ordusu olduğunu qeyd edib. Hərb tarixinin aktual problemlərindən və prioritet inkişaf istiqamətlərindən danışan Zakir Həsənov konfrans iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.“Heydər Əliyev irsində hərb tarixi” adlı filmin nümayişindən sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan Ordusunun yaradılmasında misilsiz uğurlarından danışıb. Akademik Azərbaycan Ordusunun son nailiyyətlərinin cəmiyyətdə yaratdığı inam və ruh yüksəkliyindən söz açıb, konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyevin, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyevin və Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyevin məruzələri dinlənilib. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Azərbaycanın hərb sənəti” mövzusunda məruzə ilə çıxış edərək Muzeydə Azərbaycan hərb tarixinin işqılandırılmasına həsr olunmuş bölmələr haqqında danışıb, muzeyin hərbi-vətənpərvərlik sahəsində gördüyü işləri vurğulayıb, müvafiq slaydları nümayiş etdirib. Məruzələrdən sonra konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub. Plenar hissədən sonra konfrans işini “Heydər Əliyev və Azərbaycanda hərb tarixi elminin əsas istiqamətləri” mövzusunda məruzə və müzakirələrlə davam etdirib. Çıxışlarda bildirilib ki, elmi cəhətdən mühüm əhəmiyyət kəsb edən bu tədbir qarşıya qoyulan bir sıra məsələlərin həllində mühüm rol oynayır. Burada səsləndirilən çıxışlar, məruzələr, o cümlədən 40 müəllif tərəfindən konfransın təşkilat komitəsinə daxil olmuş 25-dən artıq elmi məqalə müvafiq jurnallarda dərc olunacaq.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/