Milli Azərbaycan Tarixi Muzeyi xalqımızın zəngin mədəni irsinin toplanmasına, təbliği və elmi tədqiqinə daim diqqət göstərir, bu sahədə mütəmadi işlər aparır. Bu yaxınlarda muzey milli geyim nümunələri əldə edib.
XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid olan bu etnoqrafik əşyalar gümüş bəzəkli önlük, kişi baş geyimi şəbkülah və güləbətin tikməli yəhərüstündən ibarətdir.
Milli geyim nümunələrindən önlük XIX əsrin sonuna aid olub Zaqatala bölgəsinə məxsusdur. Önlük qırmızı rəngli zərxaradan hazırlanmış, üzəri gümüş sikkələrlə bəzədilmişdir. Kişi baş geyimi şəbkülah külah tipli konusvarı olub, üzəri firuzə qaşlı qızıl lövhəciklərlə bəzədilib. Şəbkülahın üzəri gül formasında tikilmiş xırda gümüş piləklərlə zənginləşdirilib. Mərdəkan qəsəbə sakininə məxsus at üçün yəhər XIX əsrin sonlarına aid olub zolağı rəngli məxmərdəndir.Yəhərüstü güləbətin tikmə üsulu ilə bəzədilib. Atçılığın inkişaf etdiyi ölkəmizdə yəhər əsləhələrinə, xüsusən yəhərüstü və çullara yüksək dekorativ tərtibat verilməsinə böyük diqqət yetirilirdi. Məhz bu elementlər sayəsində atlının sosial mənsubiyyəti kənardan bəlli edirdi.
Xalqın tarixi ilə möhkəm bağlı olan milli geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Bu tarixi əşyalar muzeyin etnoqrafik materiallar kolleksiyasının zənginləşdirilməsində və xalqımızın geyim mədəniyyətinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.