XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 May, 2016
Muzeyə yeni arxeoloji eksponatlar daxil olub

Milli Azərbaycan Tarixi Muzeyi mədəni-tarixi irsimizin tədqiqini, təbliğini və mühafizəsini həyata keçirən elmi-tədqiqat müəssisəsi olaraq əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin birinci yarısında da fondlarını zənginləşdirmək məqsədilə maddi mədəniyyət nümunələrinin qəbulunu davam etdirir.


Qəbul edilmiş təsadüfi tapıntılar arasında beş ədəd bədii tunc məmulatı da var. Bunlar 2016-cı ildə Qobustan rayonunda özül qazılarkən tapılmış pilək, muncuq düzümü, at fiquru, sancaq və bəzək əşyasıdır. Tapıntıların hamısı məişətdə istifadə olunmuş geyim, sinə və baş bəzəkləridir. Saxlanma vəziyyətlərinə görə dörd ədədi natamam, yalnız biri (at fiquru) tamdır. Bəzilərinin səthi yaşıl oksidlə örtülmüşdür. Onların hazırlanma texnologiyasına gəldikdə deyə bilərik ki, bu tunc məmulatı əsasən mum modelləri vasitəsilə hazırlanmışlar. Onların hazırlanmasında tökmə, döymə, kəsmə, sıxma, burma, əymə, cilalama, lehimləmə və zərbetmə kimi texniki üsullardan da  istifadə olunmuşdur. Tapıntıların dövrünə gəldikdə isə, müqayisəli təhlillər əsasında onların antik dövrə, daha dəqiq desək e.ə. IV-I əsrlərə aid olması ehtimal edilmişdir. Belə ki, bu nümunələrə oxşar tapıntılar Mollaisaqlı (İsmayıllı r-nu) və Nərgizəva (Ağsu r-nu) abidələrindən də məlumdur. Hazırda adları çəkilən abidələrdən tapılmış bəddi tunc məmulatının ən nəfis nümunələri muzeyin ekspozisiyasında nümayiş etdirilir. Təhvil verilmiş beş ədəd nümunə də Şirvan bölgəsinin maddi mədəniyyətinə aid olub, təmsil etdikləri dövrdə metalişləmə sənətinin inkişaf səviyyəsi haqqında dolğun təssəvvür yaradır. Bununla belə bu tapıntılar Qafqaz Albaniyası əhalisinin məişətini, bədii zövqünü və ideoloji təsəvvürlərini özündə əks etdirən məxəz kimi də çox dəyərlidirlər.   

Fotoşəkillərə burada baxa bilərsiniz:  

 

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/