XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 May, 2016
“Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin açılışı olacaq

Mayın 26-da Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin yeni quruluşda açılışı olacaq.


Bölmədə müsəlman Şərqində ilk Demokratik Respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilmişdir. Bölmə iki otağdan ibarətdir: “Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və “Azərbaycan Cümhuriyyətinin fəaliyyəti”.

Birinci otaqda müstəqilliyin elan olunması, Qafqaz İslam Ordusunun yaranması və fəaliyyəti, Azərbaycan Cümhuriyyəti Hökümətinin Gəncə dövründə fəaliyyəti əks olunub. Burada 4 vitrində 60-dan artıq nadir tarixi eksponatlar, həmçinin manekenlər nümayiş olunur. Otaqda qurulmuş 5 informasiya- məlumat panelində tarixi hadisələri əks etdirən məlumatlar, 30-dan artıq fotoşəkil, 4 xəritə və sxemlər verilmişdir.

İkinci otaqda Azərbaycan Cümhuriyyəti Parlament və Hökumətinin fəaliyyəti, 1918-1920-ci ilin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasət kimi məsələlər əks olunub. Burada 8 vitrində 90-a yaxın tarixi eksponat, 70-dən artıq fotoşəkil, 5 xəritə və sxem, 2 bədii kompozisiya, 1 heykəl nümayiş olunur. Həmçinin 24 informasiya- məlumat panelində tamaşaçılara azərbaycan, rus və ingilis dillərində bütün lazım olan məlumatları əldə etməyə imkan verir.

Beləliklə, bölmədə nümayiş olunan 150-ə yaxın tarixi eksponatlar sırasında Azərbaycanın İstiqlal Bəyannanməsinin 1919-cu ildə Parisdə göstərilmiş nüsxəsi, Qafqaz İslam Ordusunun azərbaycanlı və türk əskər və zabitlərinin silah, ləvazimat və əşyaları, Cümhuriyyət liderlərinin şəxsi əşyaları, 1918-1920-ci illərdə Cümhuriyyətin parlament və hökumətinin qəbul etdiyi qərarlar, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olduğu zaman hazırlatdığı Azərbaycan bayrağı böyük maraq kəsb edir. Həmçinin bölmədə qurulmuş monitorda M.Ə.Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin fəaliyyəti haqqında söylədiyi tarixi nitq səsləndirilir.

Bölmənin rəsmi açılışı mayın 26-da, saat 11.00-da keçiriləcək.