2016-cı il mayın 26-da Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin yeni quruluşda açılışı keçirildi.
Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açdı. Azərbaycan Cümhuriyyətinin Azərbaycan tarixində tutduğu yeri qeyd edərək o, Muzeydə yeni, müasir tələblərə cavab verən bölmənin açılmasının vacibliyini vurğuladı.
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli öz çıxışında XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş kəskin vəziyyətdə müstəqil dövlətin qurulmasını xüsusi qeyd edərək 1918-1920-ci illərdə qazanılan nailiyyətlərin yeni nəslə çatdırılmasının vacibliyini vurğuladı. Natiq Milli Azərbaycan Tarixi Muzeyində belə ekspozisiyanın zənginləşdirilərək yeni tərtibatda açılmasını yüksək qiymətləndirmişdir.
Tarix elmləri doktoru Solmza Rüstəmova- Tohidi öz çıxışnda müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyətinin Azərbaycan xalqının tarixində oynadığı vacib rolu vurğulayaraq Respublika Günü ərəfəsində belə ekspozisiyanın açılışını təqdirəlayiq hal kimi qiymətləndirdi.
Daha sonra qonaqlar yeni qurulmuş ekspozisiya ilə tanış oldular.
Bölmədə müsəlman Şərqində ilk Demokratik Respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilmişdir. Bölmə iki otağdan ibarətdir: “Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və “Azərbaycan Cümhuriyyətinin fəaliyyəti”.
Birinci otaqda müstəqilliyin elan olunması, Qafqaz İslam Ordusunun yaranması və fəaliyyəti, Azərbaycan Cümhuriyyəti Hökümətinin Gəncə dövründə fəaliyyəti əks olunub. Burada 4 vitrində 60-dan artıq nadir tarixi eksponatlar, həmçinin manekenlər nümayiş olunur. Otaqda qurulmuş 5 informasiya- məlumat panelində tarixi hadisələri əks etdirən məlumatlar, fotoşəkillər, xəritə və sxemlər verilmişdir.
İkinci otaqda Azərbaycan Cümhuriyyəti Parlament və Hökumətinin fəaliyyəti, 1918-1920-ci ilin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasət kimi məsələlər əks olunub. Burada 8 vitrində 90-a yaxın sayda tarixi eksponat nümayiş olunur. Həmçinin 24 informasiya- məlumat panelində tamaşaçılara azərbaycan, rus və ingilis dillərində bütün lazım olan məlumatları əldə etməyə imkan verir.
Beləliklə, bölmədə nümayiş olunan 150-ə yaxın eksponat, 100-dən artıq fotoşəkil, 10-a yaxın xəritə və sxem, 1 maket, 2 maneken, 2 bədii kompozisiya, 1 heykəl sırasında Azərbaycanın İstiqlal Bəyannanməsinin 1919-cu ildə Parisdə göstərilmiş nüsxəsi, Qafqaz İslam Ordusunun azərbaycanlı və türk əskər və zabitlərinin silah, ləvazimat və əşyaları, Cümhuriyyət liderlərinin şəxsi əşyaları, 1918-1920-ci illərdə Cümhuriyyətin parlament və hökumətinin qəbul etdiyi qərarlar, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olduğu zaman hazırlatdığı Azərbaycan bayrağı böyük maraq kəsb edir. Həmçinin bölmədə qurulmuş monitorda M.Ə.Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin fəaliyyəti haqqında söylədiyi tarixi nitq səsləndirilir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.