XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 May, 2016
Muzeydə yeni etnoqrafik eksponatlar

Milli Azərbaycan Tarixi Muzeyinə yeni unikal məişət əşyaları daxil olmuşdur. Tarixi əhəmiyyətə malik bu eksponatlar mis dolça və tunc həvəngdəstədən ibarətdir.


Zəngin mədəni irsə sahiblik edən Azərbaycan xalqının məişətində zaman-zaman  müxtəlif  maddi mədəniyyət nümunələri yaranıb biçimlənmiş, nəsillərdən-nəsillərə ötürülərək istifadə olunmuşdur. Bu gün məişətimizi tərk edərək istifadədən çıxan belə məişət əşyaları muzey kolleksiyalarında özünə daimi sığınacaq tapır, min bir qayğıyla qorunur. Muzey kolleksiyasına yenicə daxil olan mis dolça keçmiş məişətdən soraq verən, ulularımızın həyat tərzinə ekskurs etməyə işıq tutan maddi mədəniyyət nümunələrindən biridir. Keçmişdə su qabı kimi istifadə olunan mis dolça yüksək bədii tərtibata malikdir. Adətən belə tərtibatlı qablar gəlin köçən qızların cehizinə daxil edilirdi. Dolça vaxtilə Naxçıvan sakinlərinin məişətində istifadə istifadə olunmuşdur.

Muzey kolleksiyasına daxil olan digər bir məişət qabı tunc həvəngdəstədir. Məişətimizdə ədviyyatlardan geniş istifadə olunması həvəngdəstələrə zərurət yaradırdı. Məhz buna görə də əksər ailələrdə belə həvəngdəstələrə rast gəlmək olardı. XX əsrin ikinci yarısından etibarən elektrik cihazlarının məişətə geniş şəkildə daxil olması ilə istifadədən tədricən çıxan həvəngdəstələrə indi əsasən muzey kolleksiyalarında rast gəlmək olar. 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/