XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 İyun, 2016
Milli Azərbaycan Tarixi Muzeyində VI Respublika elmi konfransı keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli tarixçi-alim  S.Aşurbəylinin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” VI Respublika elmi konfransı keçirilib.


İki tematik bölmədən ibarət olan konfransda  50-dən artıq məruzə (Sara Aşurbəyli irsinin öyrəsinməsi; müasir cəmiyyətdə muzey, inkişafın yeni yollarının axtarışı; muzey eksponatlarının mənbəşünaslıq dəyərləri;  Respublika diyarşünaslıq muzeylərinin materiaları əsasında Azərbaycan tarixinin təbliği;Azərbaycanın müstəqillik dövrü tarixinin öyrənilməsində muzeylərin rolu;  muzey fondlarında saxlanılan mədəni irsin araşdırılması, qorunması, təbliği; Azərbaycan tarixi və muzeylər – yeni yanaşma metodları; muzey pedaqoqikası və tarixi tədqiqatlar; Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri; muzeylərdə elmi, fond və ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi) dinlənilmişdir.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı AMEA Rəyasət Heyəti aparatı, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında  İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin  “İçərişəhər” tarixi muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi , , Azərbaycan Xalça Muzeyi, AMEA  Memarlıq və İncəsənət İnstitutu, Bakı Dövlət Universiteti,  Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti ,Lənkəran Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası,  Hüseyn  Cavidin  Ev  Muzeyi, Bülbülün Memorial Muzeyi,  AMEA-nın Gəncə bölməsi, Beyləqan Tarix Diyarşünaslıq Muzeyi , Səttar Bəhlulzadənin ev-muzeyi və s. muzey, elmi tədqiqat İnstitutlarının mütəxəssisləri iştirak etmişlər.

Konfransı giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq qonaqları salamladı. O, öncə hər il mütəmadi keçirilən bu konfransın əhəmiyyətindən və onun tarix elminin inkişafında oynadığı rolundan danışdı. N.Vəlixanlı öz çıxışında görkəmli tarixçi, şərqşünas alim Sara Aşurbəylinin yaradıcılığından və onunla bağlı xatirələrindən bəhs etdi.  O, iştirakçılara elmi işlərində uğurlar diləyərək, onlara belə əhəmiyyətli tədbirlərdə fəal iştirak etmələrini arzuladı və konfransı açıq elan etdi.

Plenar iclasda t.e.d. Nərgiz ƏliyevanınMüasir dövrdə Milli Azərbaycan Tarixi Muzeyinin  elmi-tədqiqat işlərinin təşkili prinsipləri”, t.e.d. Əli Rəcəblinin Əlqas Mirzənin yeni əldə olunmuş nadir sikkəsi haqqında, t.e.d. Zemfıra Hacıyevanın  Sara Aşurbəyliyə həsr olunmuş məruzəsi və Nahidə Bəkirovanın   “Abidələr muzeyi” adlı maraqlı məruzələri dinlənildi.  Tədbirin ikinci hissəsində seksiyalardakı məruzələr dinlənilmiş və diskussiyalar aparılmışdır. Bu  məruzələrdə Azərbaycan tarixi üçün aktual olan problemlərə toxunulmuş, gələcək nəsillərin yetişməsində muzeylərin əhəmiyyəti göstərilmişdir.

Konfrans iştirakçılarının çıxışları dinlənildi və məruzələr ətrafında müzakirələr aparıldı.

Sonda tədbirdən razı qalan qonaqlar konfrans təşkilatçılarına minnətdarlığını bildirdirərək, gələcəkdə bele tədbirlərin daha geniş miqyasda təşkil olunmasını arzu etdilər.

Muzey tərəfindən konfrans materiallarından ibarət kitab-toplu nəşr olunacaq.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/