XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 İyun, 2016
Milli Azərbaycan Tarixi Muzeyində növbəti tədbir keçirildi

 28 iyun  2016-cı il tarixində  “ Ordumuz fəxrimizdir”  tədbiri keçirildi.Tədbir 26 iyun Silahlı Qüvvələr gününə və eyni zmanda 1991-93-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əliyev Anar Akif oğlunun anım gününə həsr edilmişdir.


Tədbir Suraxanı rayonu 318 saylı orta məktəbin II sinif şagirdlərinin canlı ifasında Azərbaycan himni ilə başladı .Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı giriş sözü ilə tədbir iştirakçılarını salamlayaraq tədbirin məqsədi haqqında məlumat verdi və qeyd etdi  ki, tədbir “Şəhidlərimiz şagirdlərimizin tədqiqatında” adlı layihə çərçivəsində muzeyin “Xarici əlaqələr və elmi kütləvi işlər” şöbəsinin əməkdaşları tərəfindən hazırlanmışdır. Nailə xanım, qeyd etdi ki, muzey məktəblilərlə mütəmadi olaraq müxtəlif layihələr çərçivəsində tədbirlər keçirir.“Şəhidlərimiz şagirdlərimizin tədqiqatında” adlı layihəsinə müraciət olunmasının əsas səbəblərindən biri şagirdlərin şəhidlərin keçdikləri şərəfli yol, şəhidlik zirvəsi haqqında bilgilərinin olması və tanıdıqları şəhidlərin əşyalarını  muzeyə təhvil verilməsində aktiv iştirakını təmin etməkdir.Sonra Nailə xanım 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə çıxış etmək üçün sözü Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qənizadəyə verdi. Cənab rəis Azərbaycan Silahlı qüvvələrinin yaranması haqqında ətraflı çıxış edərək qələbə günümüzün tezliklə qeyd olunacağını da vurğuladı.Tədbirin davamı olaraq Nəsimi rayonu 42 saylı orta məktəbin VI sinif şagirdi Qarazadə Nailənin dayısı şəhid A.A.Əliyev haqqında essesini təqdim etdikcə, şəhidə məxsus, muzeyə hədiyyə olunmuş materiallar əsasında hazırlanmış slayd da nümayiş etdirildi. Qarazadə Nailə xüsusi olaraq qeyd etdi ki, “Mənim bu balaca yaşımda ilk böyük tədqiqat işim, şəhid dayım Anar Əliyevin ruhu qarşısında verdiyim hesabatımdır”. Sonra  şəhidin qardaşı oğlu IV sinif şagirdi Əliyev Akif vətən haqqında şeirini söylədi və şəhid A.A.Əliyevin döyüş yoldaşlarının xatirələri və şəhidin dayısı tərəfindən sonuncu dəfə Ağdam məscidində səslənmiş Azanın video çarxı təqdim olundu. Tədbir iştakçısı, 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuş Elxan Həsənovun həyat yoldaşı, “Ümid Çırağı” Humanitar  İçtimai birliyinin sədri Fatma Həsənova adı çəkilən layihə çərçivəsində şagirdlərlə keçirilən bu tədbiri bəyəndiyini bildirdi və öz şəhid yoldaşının qol saatını və döyüş zamanı yazdığı son məktubunu nəvəsi Elxan Həsənlinin təqdimatında muzeyin direktoru Nailə Vəlixanlıya təhvil verdi. Nailə xanım şəhidlərimizin xatirəsini əbədiləşdirən belə əşyaların muzeyin fondunda ən qiymətli eksponatı kimi qorunub saxlnacağına söz verdi. Tədbir  Suraxanı rayonu 318 saylı məktəbin hərbi geyimdə olan  II sinif şagirdlərin möhtəşəm ifasında “Vətən kompozisiyası”, “Azərbaycan yallısı” və “Torpağın səsi” adlı çıxışları ilə yekunlaşdı. Şəhid Anar Əliyevin qardaşı Ramil Əliyevin minnətdarlıq çıxışı ilə tədbir sona çatdı, xatirə şəkilləri çəkildi. 

 

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/