Muzeyin dissertantı, “Elmi maarifləndirmə və ekskursiyalar şöbəsi”nin bələdçisi İlahə Xantəmirova 2016-cı il 23 iyun - 7 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində ezamiyyətdə olmuşdur.
Ezamiyyətin məqsədi “Mirzəbala Məhəmmədzadənin əsərlərində Azərbaycan tarixi məsələləri” adlı elmi-tədqiqat işi üçün material toplamaq olmuşdur. İstanbulda olduğu müddətdə Atatürk Kitaplığı və İstanbul Bəyazid Dövlət Kitabxanasında işləmiş, apardığı araşdırmalar nəticəsində Mirzəbala Məhəmmədzadənin və digər mühacirlərin yazılarının nəşr olunduğu müxtəlif qəzet və jurnalları əldə etmişdir. Bura Azərbaycan mühacirlərinin ilk mətbu orqanları olan “Yeni Qafqasya” (1923-1928), “Azeri Türk”(1928-1930) jurnalları, “Bildiriş” (1930-1931) qəzeti daxildir. Bundan əlavə bizə adı az məlum olan, İstanbulda Azərbaycan mühacirləri tərəfindən 1938-ci ildə nəşr olunan “İlham Kaynağı”, “Mukaddes Odlar ülkesi”, “Millet andı”, “Milli ateş”, “Yasamız” kimi jurnallarda da Mirzəbala Məhəmmədzadənin yazılarını aşkarlamışdır. Əldə etdiyi materiallara Mirzəbala Məhəmmədzadənin Türkiyə mətbuatında - “Cumhuriyet” və “Tasvir” qəzetlərində nəşr olunan 50-dən çox məqalələri də daxildir. 1940-1950-ci illərdə çap olunan “İslam Ansiklopedisi”ndə Mirzəbala Məhəmmədzadənin araşdırmalarına rast gəlinmişdir. Belə ki, o, Türkiyyat Araşdırmaları İnstitutunda məmur olaraq çalışdığı dövrdə “İslam Ansiklopedisi”nin hazırlanmasında yaxından iştirak etmiş və burada 50-yə qədər müxtəlif mövzularda yazıları çap olunmuşdur. İ.Xantəmirova kitabxanada çalışdığı müddət ərzində azərbaycanlı mühacirlər tərəfindən nəşr olunan “Türk izi”, “Mücahit”, “Azerbaycan” jurnallarını, “Azərbaycan Gənclik Dərnəyi”nin və “Müsavat” partiyasının bülletenlərini aşkar edərək surətini götürmüşdür. İ.Xantəmirova 4-6 iyulda Mirzəbala Məhəmmədzadə ilə bağlı ilk tədqiqat işini yazmış alim, Dr. Əfqan Vəliyevin şəxsi arxivi ilə tanış olaraq Azərbaycan Cumhuriyyəti və mühacirət dövrünə aid bəzi materialları əldə etmişdir. Həmçinin o, İstanbulda olduğu müddətdə Qaracaəhməd məzarlığında olaraq Mirzəbala Məhəmmədzadənin və digər azərbaycanlı mühacirlərin məzarlarını ziyarət etmişdir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.