Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “XIX- XX əsrin əvvəllərində Azərbaycanın musiqi mədəniyyəti” bölməsi yenidən quruldu.
Bölmənin reekspozisiyası ilə bağlı işlər Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə aparılmışdır. Bölmənin yeni mövzu-ekspozisiya planı Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov tərəfindən hazırlanmışdır. Müvafiq işlər həmin şöbənin əməkdaşları, direktor müavinin Əli Məhərrəmovun rəhbərlik etdiyi muzeyin tərtibat qrupu ilə birlikdə həyata keçirilmişdir.
Bölmədə qurulmuş 3 vitrində 28 eksponat, 1 rəsm əsərinin surəti, çoxlu sayda tarixi fotoşəkillər, həmçinin 11 informasiya-məlumat paneli yerləşdirilmişdir.
Eksponatlar sırasında görkəmli xanəndə Cabbar Qaryağdı oğluna (1861-1944) məxsus olmuş qaval, 1887-ci ildə, İranın Rəşt şəhərində keçirilən muğam müsabiqəsində qalib gəlmiş görkəmli Azərbaycan tarzəni Mirzə Fərəc Rzayevə (1847-1927) hədiyyə olaraq verilmiş tar, görkəmli tar ifaçısı və musiqi xadimi Süleyman Mansurova (1872- 1955) məxsus olmuş tar, görkəmli aşıq Aşıq Hüseyn Bozalqanlıya (1868-1941) məxsus olmuş saz, görkəmli tar ifaçısı və musiqi xadimi Əhməd ağa Bakıxanova (1892- 1973) məxsus olmuş tütək, görkəmli maarifçi və ədib Mərzə Fətəli Axundova məxsus olmuş balaban, görkəmli ifaçı və bəstəkar Zülfüqar Hacıbəyova məxsus olmuş kamança xüsusi maraq kəsb edir. Burada həmçinin nadir tərtibatı ilə seçilən və XIX əsrə aid kamança (üzərində “Şuşa, 1881” yazısı ilə), səntur simli alətlər, tütək, tütək-ney, zurna, yastıbalaban, ney nəfəs alətləri, qaval, nağara, qoşa-nağara, dümbək zərb alətləri təqdi edilir. Unikal eksponatlardan biri tanınmış tarzən Qurban Primova məxsus olmuş qramofondur. Qramofon Q.Primovun rəhbərlik etdiyi ansamblın ifasında Azərbaycan mahnılarının qramafon valına yazılması münasibətilə Varşavanın “Sport-Records” şirkəti tərəfindən hədiyyə olunub. XIX əsrin sonu- XX əsrin əvvəllərinə aid edilən və Azərbaycan mahnıları yazılmış qramofon valları xüsusi maraq kəsb edir. XIX əsrin sonu- XX əsrin əvvəllərinə aid çoxsaylı fotolarda (onların böyüdülmüş surətləri ekspozisiyada təqdim edilir) dövrün Azərbaycan ansamblları, musiqi alətləri, görkəmli musiqişünasları əks olunub. Bölmənin informasiya- məlumat panellərində bütün məlumatlar üç dildə: azərbaycan, rus və ingilis dillərində təqdim edilir.
Bu ilin sonun qədər daimi ekspozisiyanın “XIX- XX əsrin əvvəllərində Azərbaycanda təhsil, elm və mədəniyyət” bölməsinin yenidən qurulması planlaşdırılır.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.