XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Sentyabr, 2016
Muzeydə yeni antik eksponatlar

Milli Azərbaycan Tarixi Muzeyi mədəni-tarixi irsimizin tədqiqini, təbliğini və mühafizəsini həyata keçirən elmi-tədqiqat müəssisəsidir. Muzey bu yaxınlarda qədim dövrlərə aid yeni eksponatlar əldə etmişdir.


Antik eksponatlar Şəmkir-Qaracəmirli Beynəlxalq Arxeoloji Ekspedisiyasının rəisi AMEA-nın müxbir üzvü, t.ü.e.d. prof. İ. A. Babayev tərəfindən arxeoloji qazıntılar zamanı tapılmışdır. Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində aparılan arxeoloji qazıntılar Almaniydan gələn arxeoloqlarla birgə aparılıb. Burada arxeoloji qazıntı işləri nəticəsində Əhəmənilər dövrünə (e. ə. V-IV əsrlər) aid böyük ictimai binaların qalıqları aşkar edilmişdir. Arxeoloji tapıntıların böyük qismi qəbirlərdən toplanmışdır. İzlənilən qəbirlər əsasən son tunc-erkən dəmir dövrünə aiddir.  Buradan əldə edilən bir sıra tapıntılar t.ü.e.d. prof.İ.A.Babayev və ekspedisiyanın üzvü L.X.Mustafayev tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna təhvil verilmişdir. Qəbirlərdən müxtəlif növ muncuqlar, saxsı qablar, obsidian parçaları, tunc silah və bəzək əşyaları və s. tapılmışdır. Muzeyə təhvil verilən materiallar əsasən keramika və tunc məmulatıdır. Bura  kasa tipli gil qab, vaza, cam, nehrə, küpə, fincan, tək qulplu iri su qabı, oval formalı gil qab, dolça, tunc üzük, kiçik ölçülü tunc xəncər, tunc asma bəzək predmeti və s. daxildir. Tapıntılar zamanı əldə olunan antik əşyalar Azərbaycan tarixinin qədim dövrünün tədqiq və təbliğində mühüm əhəmiyyətə malikdir.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/