XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Noyabr, 2016
Muzeydə arxeoloji eksponatlardan ibarət yeni kataloq nəşrə hazırlanır

Milli Azərbaycan Tarixi Muzeyi öz ənənəsinə sadiq qalaraq  fond materiallarına həsr olunan növbəti kataloqu nəşrə hazırlayır. Cari ildə nəşri gözlənilən kataloqlardan biri də Arxeologiya fondunun zoomorf təsvirli şirli qablarına həsr olunmuşdur.


Bu kataloqun hazırlanmasını aktual edən əsas məqamlardan biri məhz tariximizə aid məsələlərin araşdırılmasında yardımçı ola biləcək əşyavi mənbələri elmi ictimaiyyətə təqdim etməkdir. Onu da nəzərə almaq lazımdır ki, kataloqa cəlb edilmiş arxeoloji materialların böyük əksəriyyəti ilk dəfədir ki, işıq üzü görür. Güman edirik ki, təqdim olunacaq bu kataloq Azərbaycan xalqının çoxəsrlik tarixinin, eləcə də zəngin maddi və mənəvi mədəniyyətinin öyrənilməsində mütəxəssislər – arxeoloq, etnoqraf, sənətşünas və tarixçilər üçün dəyərli mənbə rolunu oynayacaqdır.  

Kataloqu hazırlamaqda digər məqsəd isə Azərbaycan xalqına məxsus olan zəngin maddi və mənəvi mədəniyyəti, xüsusilə onun kiçik, lakin mühüm bir hissəsini təşkil edən orta əsr dulusçuluq sənətini və xalqın bədii-estetik zövqünü təbliğ etməkdir.

Kataloqun dəyərini artıran məqamlardan biri də fəaliyyətə başladığı yüz ilə yaxın müddət ərzində Milli Azərbaycan Tarixi Muzeyinin qeyd olunan mövzuda işıq üzü görmüş ilk nəşri olmasıdır. Belə ki, bu elm və mədəniyyət məbədində əvvəllər olduğu kimi son illərdə də müxtəlif mövzularda elmi-tədqiqat əsərləri, toplular, kataloqlar və bukletlər nəşr olunaraq,  böyük oxucu auditoriyasına təqdim olunur. Bu baxımdan Azərbaycanın orta əsr yaşayış məskənlərindən arxeoloji qazıntılar və təsadüf nəticəsində əldə olunmuş zoomorf təsvirli şirli qabların geniş oxucu və tamaşaçı kütləsinə, mütəxəssislərə və ölkəmizin çoxsaylı qonaqlarına təqdim edilməsi üçün göstərilən bu ilk təşəbbüs də istisna deyil.

Kataloqun ərsəyə gəlməsi üçün Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda mühafizə edilən 229 ədəd zoomorf təsvirli şirli qab və qab parçaları cəlb olunmuşdur. Bu nümunələrin əksəriyyəti Azərbaycanın orta əsr yaşayış məskənlərindən – Örənqala (Qədim Beyləqan), Qədim Gəncə, I və II Bəndovan, Qəbələ, Bakı (Abşeron), Şəmkir və Qaratəpədən (Beyləqan) arxeoloji qazıntılar zamanı əldə edilmişdir.

Kataloqunun işıq üzü görməsini zəruri edən məqamlardan biri də milli-mənəvi dəyərlərin sürətlə aşındığı, ümumbəşəri mədəni nailiyyətlərin dağıdıcı təsirlərə məruz qaldığı, maddi-mədəni irsin yad etnik ünsürlər tərəfindən mənimsənildiyi, tarixi-mədəni köklərin bəzən bir dəfəlik qırıldığı bu qloballaşan dünyada ulu əcdadlarımız tərəfindən bizə miras qoyulmuş maddi sərvəti, mənəvi zənginliyi ənənələrə uyğun olaraq yaşatmaqdır. 

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/