Milli Azərbaycan Tarixi Muzeyi mədəni-tarixi irsimizin tədqiqini, təbliğini və mühafizəsini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisəsi olaraq əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin ikinci yarısında da fondlarını zənginləşdirmək məqsədilə maddi mədəniyyət nümunələrinin qəbulunu davam etdirmişdir.
Qəbul edilmiş təsadüfi tapıntılar arasında bir ədəd tunc şamdan da var. Şamdan 2016-cı ildə Zaqatala rayonunun Muğanlı kəndi yaxınlığındakı əkin sahəsindən tapılmışdı. Muzeyə təhvil verilərkən tapıntının saxlanma vəziyyəti tam olmayıb, üç hissədən ibarət olmuşdur. Şamdan nazik tunc lövhədən nəfis şəkildə hazırlanıb, hündürlüyü 25 sm-dir. Gövdəsi boruşəkilli olub, en kəsiyi altıbucaqlıdır. Üzəri kəsmə naxışlarla bəzədilib, şəbəkəlidir. Gövdə şar şəkilli və kəsmə naxışlı aralıq hissə ilə davam edir. Bu hissənin də içərisi boşdur. Oturacaq hissəsi isə disk formalıdır. Səthi sayadır. Ümumiyyətlə, şamdan uzun müddət torpaq altında qaldığından səthi yaşıl oksidlə örtülmüşdür.Tapıntının dövrünə gəldikdə isə, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadənin sözlərinə görə şamdan bir sıra xüsusiyyətlərinə görə XI-XII əsrlərin oxşar nümunələrini xatırladır. Hazırda Muzeyin ekspozisiyasında oxşar şamdan nümunəsi nümayiş olunur. Haqqında bəhs etdiyimiz bu şamdan Azərbaycanın orta əsrlər maddi mədəniyyətinə aid olub, təmsil etdiyi dövrdə metalişləmə sənətinin inkişaf səviyyəsi haqqında dolğun təssəvvür yaradır. Bununla yanaşı bu tapıntı Azərbaycanın orta əsrlər dövrü əhalisinin məişətini və bədii estetik zövqünü özündə əks etdirən mənbə kimi də çox dəyərlidirlər. Səthin yaşıl oksiddən təmizlənməsi və hissələrin yapışdırılaraq tam hala gətirilməsi məqsədilə şamdan Muzeyin Bərpa laboratoriyasına təhvil verilmişdi. Konservasiya işi Muzeyin bərpa laboratoriyasının şöbə müdiri Təhsib Zəvərli tərəfindən həyata keçirilib.Qədim və zəngin mədəniyyətimizi, müxtəlif tarixi dövrləri, milli adət-ənənələrimizi özündə təcəssüm etdirən eksponatları qorumaq, bərpa və konservasiya etmək, gələcək nəsillərə ötürmək böyük məsuliyyət tələb edir. Milli Azərbaycan Tarixi Muzeyində bu əhəmiyyətli missiya layiqincə həyata keçirilir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.