XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 May, 2008
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının açılışı oldu

7 may 2008-ci il tarixdə Bakının ən gözəl memarlıq abidələrindən biri olan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) bərpadan sonra yeni ekspozisiyasının açılışı oldu. Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyinə ithaf olunmuşdur.


Azərbaycanın muzeyçilik tarixində əlamətdar hadisələrdən biri olan MATM-ın yeni ekspozisiyasının açılışında AMEA prezidenti akademik Mahmud Kərimov, AMEA institutlarının rəhbərləri, dövlət nümayəndələri, müxtəlif qurumların təmsilçiləri, xarici qonaqlar və KİV nümayəndələri iştirak edirdilər.

Qeyd edək ki, AR Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında" tarixi sərəncamına əsasən Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasında, tədqiqi və təbliğində xüsusi xidmətləri olan muzeydə mühafizə olunan mövcud eksponatlar restavrasiya edilmiş, yeni eksponatlar alınmışdır.

Tədbir iştirakçıları binanın daxili tərtibatının təmirdən sonrakı vəziyyəti ilə, muzeydə Azərbaycan tarixinin bütün dövr və mərhələlərinə dair toplanmış qiymətli eksponatlar (Qədim və orta əsrlər dövrünü əhatə edən daş, sümük, gil, mis tunc, dəmir, saxsı, şüşə, gümüş və s.-dən olan müxtəlif əşyalar, Azərbaycanda tapılmış, zərb olunmuş və pul dövriyyəsində işlənmiş sikkələr, antik Şərq və Qərb pulları, orta əsrlərdən müasir dövrə qədərki tarixi materiallar – milli geyimlər, müxtəlif bəzək əşyaları, xalçalar, qədim əmək alətləri, Qafqazda, o cümlədən Azərbaycanda, müxtəlif Şərq ölkələrində, Avropada, Rusiyada istehsal olunmuş soyuq və odlu silahlar, hərbi geyimlər, bayraqlar və s.) və fondlarla (Arxeologiya, Numizmatika, Etnoqrafiya, Qiymətli metallar, Yeni tarix, Ən yeni tarix, Sənədli mənbələr, Təsviri incəsənət və illüstrasiyalar, Neqativ və Kitab fondları), məşhur maarifpərvər-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Xatirə muzeyi ilə tanış oldular.

Məlumat üçün bildirək ki, 1920-ci ildə yaradılmış, 300 mindən artıq eksponatın saxlanıldığı muzeydə hal-hazırda altı şöbə (Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin ekspozisiyası, Azərbaycanın yeni dövr tarixinin ekspozisiyası, Azərbaycanın ən yeni dövr tarixinin ekspozisiyası, etnoqrafiya, numizmatika və epiqrafika, elmi-ekskursiya və kütləvi işlər), muzey əşyalarının bərpası laboratoriyası, on fond, dörd qrup və kitabxana fəaliyyət göstərir.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film göstərildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.