XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Noyabr, 2016
Milli Azərbaycan Tarixi Muzeyində Arxeologiya elmi fond şöbəsinin növbəti elmi-praktik seminarı keçirildi

Noyabr ayının 17-də  AMEA Milli Azərbaycan Tarixi Muzeyində əvvəlcədən təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq mütəmadi olaraq Azərbaycan tarixinin və maddi mədəniyyətinin bu vəya digər məsələlərinə həsr olunmuş elmi və elmi-kütləvi təşkil olunur.


Belə tədbirlərdən biri bu gün Arxeologiya elmi fond şöbəsinin təşəbbüsü ilə həyata keçirilmişdir. Tədbir “Azərbaycanın orta əsr keramikası: ənənə və innovasiya” mövzusunda elmi-praktik seminardan ibarət idi. Seminarda dinləyici qismində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d. Əli Rəcəbli və digər şöbə əməkdaşları iştirak edirdilər.Seminarı giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva Azərbaycanın orta əsr saxsı məmulatının tədqiqi və təbliği məsələlərinə toxundu. Daha sonra məruzəçi qismində çıxış üçün söz AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloji ekspedisiya rəhbəri, t.ü.e.d. Tarix Dostiyevə verildi. O, “Erkən orta əsrlərin və klassik islam dövrünün keramikasında ənənə və innovasiya” mövzusunda geniş məruzə edərək Azərbaycanın orta əsr saxsı məmulatı üçün səciyyəvi olan xüsusiyyətləri tədbir iştirakçılarının nəzərinə çatdırdı. T.Dostiyev öz məruzəsində Azərbaycanın orta əsr saxsı məmulatı içərisində Yaxın və Orta Şərqlə ticarət əlaqələri nəticəsində gətirilmiş nümunələrin də yer aldığını bildirdi. Bu məruzədən sonra çıxış üçün söz Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadəyə verildi. O, “Azərbaycanda zoomorf təsvirli şirli qabların hazırlanmasının tarixi kökləri” mövzunda tərtib edilmiş məruzəsində Arxeologiya fondunda qorunan zoomorf təsvirli şirli qabların sayı, tərkibi, təsnifatı və hazırlanması texnologiyası haqqında geniş məlumat verdi. Çıxışda zoomorf təsvirli şirli qabların hazırlanması ənənəsinin daha qədim dövrlərdən qaynaqlandığını vurğulandı. Seminarın sonuncu məruzəçisi Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Aidə İsmayılova oldu. Onun məruzəsi “Orta əsr şirsiz saxsı məmulatı dövrün həyati-təminat mədəniyyəti kimi” mövzusunda tərtib edilmişdi. Bütün məruzələr slaydlarla təqdim olundu və seminar iştirakçıları tərəfindən maraqla qarşılandı. Məruzələrdən sonra seminar iştirakçılarının sualları cavablandırıldı.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/