Dekabrın 28-də Azərbayacan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyinin əsaslı təmir-bərpa işlərindən sonra açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, Baş nazirin müavini Abid Şərifov, «Azəraqrartikinti» Səhmdar Cəmiyyətinin prezidenti Ağalar Vəliyev, inşaatçılar və paytaxt sakinləri dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı muzeyin binası önündə səmimiyyətlə qarşıladılar, onlara gül dəstələri təqdim olundu.
Dövlətimizin başçısının göstərişi ilə təmir edilən çoxsaylı tarixi binalardan biri olan Azərbaycan Tarixi Muzeyinin binası Bakının ən gözəl memarlıq abidələrindəndir. 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır. Lakin bina uzun illər əsaslı təmir edilmədiyindən bərbad vəziyyətə düşmüşdü. 2004-cü ilin dekabrında muzeydə yaranmış vəziyyətlə yaxından tanış olan Prezident İlham Əliyev binanın əsaslı təmiri və bərpası barədə göstəriş vermiş, 2005-ci ilin aprel ayından bu işlərə başlanmışdı.
Prezident İlham Əliyev əvvəlcə binanın xarici görünüşünə baxdı. Baş nazirin müavini Abid Şərifov məlumat verdi ki, 1895-1897-ci illərdə tikilmiş bina əsaslı şəkildə təmir olunmuş və yeni görkəm almışdır. Bu memarlıq abidəsinin gecələr də yaxşı görünməsi üçün müasir işıqlandırma sistemi quraşdırılmışdır. Hacı Zeynalabdin Tağıyev küçəsinə başdan-başa çapma daş formasında xırda plitələr döşənmişdir. Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə təmir işlərini yerinə yetirən «Azəraqrartikinti» Səhmdar Cəmiyyəti binanın mühəndis-texniki qurğularını, kommunikasiya sistemini yeniləşdirmiş, dam örtüyünü tamamilə təzələmişdir.
Dövlətimizin başçısı ətrafda yerləşən tarixi binaların da təmir olunmasının zəruriliyini vurğuladı.
Sonra Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi, əsas ekspozisiya salonunun yerləşəcəyi birinci mərtəbədə görülmüş təmir işləri ilə tanış oldu.
Muzeyin direktoru Nailə Vəlixanlı bildirdi ki, vaxtilə Hacı Zeynalabdin Tağıyevin mülkü olmuş bu binanın bərpası zamanı divarlardakı naxışların və bəzək elementlərinin originallığının qorunmasına xüsusi diqqət yetirilmişdir.
300 mindən çox eksponatı olan muzeydə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, tariximizə və mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərmiş, bir neçə dəfə bu muzeyə gəlmiş ulu öndər Heydər Əliyevin zəngin fəaliyyəti ilə bağlı guşə də yaradılmışdır. Hazırda muzeydə 130-dan çox işçi çalışır. Muzeyin laboratoriyası da müasir tələblərə cavab verir.
Dövlətimizin başçısı bir əsrdən çox yaşı olan binanın daxili tərtibatının təmirdən sonrakı vəziyyəti ilə, ekspozisiya və fondlarla tanış oldu, milli tariximizin bu zəngin nümunələrinin çox ciddi qorunmasının vacibliyini vurğuladı.
Baş nazirin müavini Abid Şərifov bildirdi ki, binada əsaslı bərpa və təmir işləri uğurla aparılmışdır. Zirzəmidə möhkəmləndirmə işləri görülmüşdür.
Hazırlanmış bir neçə layihə əsasında Şərq memarlığına xas çox incə və zəngin naxışlar yüksək səviyyədə bərpa edilmişdir. Şirvanşahlar sarayının bərpasında işləyən tanınmış İtaliya şirkətinin nümayəndələri yerli bərpaçılarla birgə işləmişlər. Onlar Almaniyada, Fransada, Böyük Britaniyada və digər Avropa ölkələrində sırf bu işlə məşğul olurlar və böyük təcrübələri var. İndi bizim yerli mütəxəssislərin də belə zərif bərpa işləri görmək təcrübəsi yaranır.
İkinci mərtəbədə yaradılmış Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, İtaliyanın «Eleka» şirkətinin mütəxəssisləri divarlarda, arakəsmələrdə, tavan və döşəmələrdə yüz il əvvəlki bəzək və naxışları aşkarlayıb ilkin formada bərpa etmişlər. O dövrdə quraşdırılmış qapı-pəncərələr, istilik və işıq sistemləri original üslubda yeniləşdirilmişdir. İndiyədək bir-iki dəfə aparılan yüngül təmir zamanı otaqların ilkin görünüşü tamamilə dəyişdirilsə də, hazırlanmış layihəyə əsasən və şəkillərin köməyi ilə otaqların əvvəlki vəziyyəti qaytarılmışdır.
Dövlətimizin başçısı muzeydə çalışmış Azərbaycan və İtaliya mütəxəssisləri ilə görüşərək onlara təşəkkür etdi, təmir-bərpa zamanı hər bir memarlıq elementinin qorunub saxlanılmasının asan iş olmadığını söylədi, binanın original görkəminin saxlanıldığını xüsusi vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev binanın keçmiş qonaq, yataq, yeməkxana, uşaq otaqları ilə tanış oldu. Əsasən, Şərqdən gələn qonaqları qəbul etmək üçün nəzərdə tutulan dəbdəbəli Şərq salonunu, onun incə naxışlarını nəzərdən keçirdi, hər bir otağın ilkin görünüşünü, binanın ümumi fasadını əks etdirən şəkillərə, bərpa olunan ev əşyalarına, musiqi, idman alətlərinə, Zeynalabdin Tağıyevin indiyədək saxlanılan kitabxanasına da baxdı və otaqlardan eyvana çıxaraq ətrafı seyr etdi.
Dövlətimizin başçısı muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı: «Tarix Muzeyi əsaslı təmirdən sonra öz fəaliyyətini davam etdirir. Muzeyin ekspozisiyası Azərbaycan tarixinin nə qədər qədim və zəngin olduğunu göstərir. Muzeyin bütün avadanlığı dünya standartlarına uyğundur. Muzeyin binası və daxili tərtibat Azərbaycanın milli sərvətidir. Biz muzeyi təmir etdirməklə bura yeni həyat verdik.
Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıyevin evinin bərpası bizim mənəvi borcumuz idi. Öz zəhməti hesabına böyük maliyyə imkanlarını qazanmış bu şəxsiyyət Azərbaycan gənclərinin maarifləndirilməsinə böyük töhfələr vermişdir.
Əminəm ki, muzeyin bundan sonrakı fəaliyyəti həmişə olduğu kimi uğurlu olacaqdır.
Tarix Muzeyinin bütün əməkdaşlarına yeni uğurlar arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
28 dekabr 2007-ci il»
Sonra dövlətimizin başçısı müasir dizaynı və avadanlığı ilə seçilən 120 yerlik konfrans salonuna və monitor-nəzarət otağına baxdı. Bildirildi ki, muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Binanın üçüncü mərtəbəsindəki otaqlar bu məqsəd üçün nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin çıxışında quraşdırılmış və Azərbaycan, ingilis, rus və fransız dillərində yazmaq mümkün olan xüsusi elektron lövhəyə imza atdılar.
Akademik Nailə Vəlixanlı muzeyə, çoxsaylı abidələrə və mədəniyyət ocaqlarına ikinci həyat bəxş etdiyinə, bu işlərlə şəxsən maraqlandığına, tariximizə və mədəni irsimizə həssaslıqla yanaşdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı bərpaçılara, inşaatçılara bir daha təşəkkür etdi, bu tarixi binaya və muzeyə çox sayda qonaqların gələcəyini bildirdi.
“Azərbaycan" qəzeti, 29 dekabr 2007-ci il
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.