XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Noyabr, 2016
Hacı Zeynalabdin Tağıyevin qızı Sara Tağıyeva-Sarayevanın şəxsi arxivi Bakıya gətirilmişdir

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi t.ü.f.d. Fərhad Cabbarov 9-18 noyabr tarixlərində Rusiya Federsiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olmuşdur.


Ezamiyyətin əsas məqsədlərindən biri görkəmli Azərbaycan sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin nəvəsi, Sara Tağıyeva-Sarayevanın oğlu Oleq Nikolayeviç Sarayevlə görüşmək idi. Qeyd edək ki, F.Cabbarov bu ilin aprel ayında Sankt-Peterburqda O.Sarayevlə görüşərkən o, Sara xanımın arxivini Milli Azərbaycan Tarixi Muzeyinə təhvil vermək arzusunda olduğunu bildirmişdi. Noyabrın 14-də F.Cabbarovla görüşən O.Sarayev Sara Tağıyeva-Sarayevanın arxivini muzeyin elmi katibinə təqdim etdi. Həmin arxiv Sara xanımın 1950-1980-ci illərdə H.Z.Tağıyevin şərəfli adının bərpa olunması, ona bəraət verilməsi uğrunda apardığı mübarizəyə dair unikal sənədlərdən ibarətdir. Burada S.Tağıyeva-Sarayevanın Azərbaycanın, həmçinin keçmiş SSRİ-nin (Moskva, Leninqrad) müxtəlif elmi müəssisələrinə, arxivlərinə yazdığı məktublarının, ərizələrinin, onun H.Z.Tağıyev haqqında qeydlərinin, məqalələrinin, həmçinin bu məqalələrə verilən rəylərin, fotoşəkillərin orijinal nüsxələri və surətləri var. Şəxsi arxivdə S.Tağıyeva-Sarayevanın sovet illərində çıxan bəzi kitablarda H.Z.Tağıyev haqqında qeyri-obyektiv fikirlərə, onun ictimai və xeyriyyəçilik fəaliyyətinin təhrif olunmasına qarşı mübarizəsinə dair olduqca maraqlı sənədlərə rast gəlinir. Arxiv həmçinin Sara xanımın həyat yolu, özünə və övladlarına qarşı ədalətsizliklər, çəkdiyi məhrumiyyətlər haqqında sənədlərlə də zəngindir. Oleq Sarayev tərəfindən hədiyyə edilmiş arxiv sənədləşdirildikdən və siyahıya alındıqdan sonra muzeyin Sənədli mənbələr fonduna təhvil veriləcək.

F.Cabbarov muzeyin direktoru akademik Nailə Vəlixanlının təşəkkür məktubunu O.Sarayevə təqdim etmişdir.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/