Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili çərçivəsində “İslamda mədəniyyət və gözəllik amili” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan AR Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva tədbirdə 9 ölkənin 15 elmi-tədqiqat və müvafiq ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyini bildirdi. Azərbaycan milli mədəniyyətinin formalaşmasında islamın xüsusi yeri olduğunu söyləyən S.Məmmədəliyeva “Bakı – İslam mədəniyyətinin paytaxtı” ili çərçivəsində keçirilən beynəlxalq tədbirlər, mədəniyyət günləri haqqında ətraflı məlumat verdi.
Sonra AMEA prezidenti akademik Mahmud Kərimov çıxış edərək, Azərbaycanda keçirilən tədbirin önəmliliyindən danışdı. O, konfransın işinə uğurlar arzuladı.
Tədbirdə çıxış edən Rusiyanın Nijnı Novqorod İslam İnstitutunun rektoru Demir Muhaddinov, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi Nadejda İmilyanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov və başqaları konfransın keçirilməsini yüksək qiymətləndirərək, Azərbaycanda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən bəhs etdilər.
Qeyd edək ki, iki gün davam edəcək konfransda “İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan ziyalılarının rolu”, “İslamda harmoniya – dünya ilahiliyinin ifadəsidir”, “İslam mədəniyyəti və ənənələrinin öyrənilməsində arxeoloji materialların rolu”, “Azərbaycan folkloru islam kontekstində”, “İslamda qadına verilən dəyər və qadın hüquqlarının müdafiəsi”, “Müasir gəncliyin tərbiyəsində islamın rolu” və s. mövzularda məruzələr dinləniləcək, fikir mübadilələri aparılacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.