Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə keçirilən şuranın iclasında bu elmi müəssisənin şöbələrinin illik hesabatı dinlənilib.
Elmi Şuradan AMEA Rəyasət Heyəti adından AMEA-nın müxbir üzvü Şahin Mustafayev iştirak edib.
Hesabat məruzəsi ilə çıxış edən Muzeyin direktoru, akademik N.Vəlixanlı qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” sərəncamının icrası çərçivəsində hesabat dövründə Milli Azərbaycan Tarixi Muzeyində silsilə tədbirlər keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə bağlanılan saziş əsasında birgə hazırlanmış layihə çərçivəsində muzeydə ali və orta təhsil müəssisələrinin müəllim, tələbə və şagirdləri üçün il ərzində 9 seminar keçirilmişdir.
Təsdiq olunmuş plana əsasən Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi mədəniyyət abidələrinin toplanması, mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilər vasitəsilə nümayişi və təbliği istiqamətində 4 problem üzrə 10 mövzunu əhatə edən 19 iş üzərində çalışmışlar. Cari ildə planda nəzərdə tutulmuş bütün mövzu və işlərin icrası başa çatmışdır. Belə ki, daimi ekspozisiyada “Azərbaycan Cümhuriyyəti. 1918-1920-ci illər”, “Azərbaycan Səfəvilər dövləti” və “XIX-XX əsrin əvvəllərində Azərbaycanın musiqi mədəniyyəti”, “XIX-XX əsrin əvvəllərində Azərbaycanda təhsil, elm və mədəniyyət” bölmələri yenidən qurulmuş, “XVI-XIX əsrlərdə Azərbaycanda atçılıq” bölməsində, “Xanlıqlar dövrü” zalında isə müvafiq eksponatlar yeniləri ilə əvəz edilmişdir.
Cari il ərzində muzeydə iki - “Şah İsmayıl – sərkərdə və hökmdar”, “Qadın geyim bəzəkləri” sərgilərinin açılışı olmuşdur. Hesabat dövründə muzey öz eksponatlarını ekspozisiyadan kənarda – səyyar sərgilərdə nümayiş etdirmişdir. Bakı Ekspo Mərkəzində keçirilən II Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2016” sərgisində muzeyin pavilyonu qurulmuşdur.
Həmçinin muzeydə “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” respublika elmi konfransının keçirilməsi” mövzusu üzrə görkəmli tarixçi-alim Sara Aşurbəylinin 110 illiyinə həsr olunmuş VI Respublika elmi konfransı və “Azərbaycanın orta əsr keramikası: ənənə və innovasiya” mövzusunda respublika elmi-praktiki seminarı keçirilmiş, muzey əməkdaşları xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər.
Plan üzrə nəşri nəzərdə tutulan “Qadın geyim bəzəkləri” kitab-albomu işıq üzü görmüşdür.
Muzeyin fəlsəfə doktoru hazırlığı üzrə 5 dissertantı, elmlər doktoru hazırlığı üzrə 1 doktorantı və 4 dissertantı var. Hesabat dövründə 3 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya müdafiə etmişdir.
Sonda AMEA-nın müxbir üzvü Şahin Mustafayev çıxış edərək Milli Azərbaycan Tarixi Muzeyinin 2016-cı ildə fəaliyyəti ilə bağlı müxtəlif rəy və təkliflərini səsləndirib.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.