AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzeyin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda respublika konfransı keçirilir. Konfransı açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı əvvəlcə muzeyin yaranma tarixi haqqında məlumat verdi.
Azərbaycanda “İstiqlal” muzeyinin yaradılması haqqında ilk sərəncam hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. AXC-nin süqutundan sonra 1920-ci ilin iyun ayının 15-də Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə “Tədris” muzeyi yaradılır. Az sonra muzeyin adı dəyişdirilərək “Doğma diyarın tədris muzeyi-İstiqlal”, 1920-ci il oktyabrın 25-də isə Azərbaycan SSR Dövlət Muzeyi adlandırılır. Sonrakı illərdə dövrün tələblərinə uyğun olaraq muzeyin adında və profilində yenidən dəyişikliklər aparılır.
Muzey 1936-cı ildən Azərbaycan Tarixi Muzeyi, 1945-ci ildən isə Azərbaycan SSR EA tərkibində Azərbaycan Tarixi Muzeyi adı ilə fəaliyyət göstərir. Ölkəmiz müstəqillik qazandıqdan sonra muzeyə milli muzey statusu verilib.
Muzeyin yarandığı dövrdə onun tarixi ilə bağlı maraqlı olan məqamlardan biri də buraya rəhbərlik edənlərin şəxsiyyətləri ilə bağlıdır. Akademik N.Vəlixanlının bildirdiyinə görə, fəaliyyətə başladığı dövrdən 1923-cü ilə qədər muzeyin rəhbərliyində dörd direktor dəyişib. 1923-cü ildən 1928-ci ilə qədər bu muzey məbədinin direktoru görkəmli tarixçi, arxeoloq, coğrafiyaçı, antropoloq Davud Şərifov olub. Məhz onun muzeyə rəhbərlik etdiyi müddətdə Azərbaycanda ilk dəfə olaraq arxeoloji və etnoqrafik ekspedisiyalar təşkil edilib.
1928-ci ildən 1937-ci ilə qədər olan təxminən on illik zaman kəsiyində muzeyin tarixinə qara səhifə kimi düşüb. Repressiya dalğası və D.Şərifovun Massesyanla, sonuncunun isə Manukyanla əvəzlənməsi muzeyin fəaliyyətinə təsirsiz ötüşməyib. Moskva Dövlət Muzeyinə göndərmək adı ilə muzeyin fondundan çıxarılan və Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edən maddi əşyaları təssüf ki, sonralar da geri qaytarmaq mümkün olmayıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Qafar Cəbiyev arxeoloji tapıntıların sonrakı taleyindən danışarkən bildirdi ki, məmləkətin tarixinin qədimliyi haqqında son sözü aparılan arxeoloji qazıntılar zamanı əldə edilən maddi tapıntılar deyir. “Əldə edilən maddi tapıntıların mühafizəsi və konservasiyası mühüm şərtdir. Bu işdə də əsas məsuliyyət muzeylərin üzərinə düşür”.
Onun sözlərinə görə, son illər respublika ərazisində aparılan arxeoloji qazıntıların miqyası genişlənib. “Təkcə 2009-cu ilə Azərbaycan ərazisində 40-a yaxın ekspedisiya işləyib. Onlarla yeni artxeoloji abidə aşkar edilib ki, bu abidələr də təkcə Azərbaycan tarixinin deyil, ümumdünya tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən faktlardandır”. Q.Cəbiyev bildirdi ki, arxeoloji materiallar uzun illər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda və Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında saxlanılıb. Lakin fondların sıx olması artıq buna imkan vermədiyindən əldə edilən arxeoloji materiallar yerli tarix diyarşünaslıq muzeylərinə təhvil verilir. Q.Cəbiyev torpağın qoruyaraq bizə verdiyi bu maddi tapıntıların Azərbaycan tarixinin öyrənilməsi naminə konservasiya olunması üçün yüksək statusa malik fondların yaradılmasının vacib məsələ olduğunu bildirdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayev Qəbələ rayonu ərazisində aparılan uzun müddətli arxeoloji qazıntılardan sonra əldə edilən saxsı məmulatların işlənməsində qədim yunan mədəniyyətinin izlərinə rast gəlindiyini bildirdi. Onun fikrincə, yerli şəraitə uyğunlaşdırılmış şəkildə işlənən Alban mədəniyyəti üçün səciyyəvi olan bu saxsı qablar Azərbaycan ərazisində mövcud olan dövlətlərin Qədim Yunanıstanla əlaqəli olduğunu sübut edir.
Konfrans öz işini davam etdirir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.