Milli Azərbaycan Tarixi Muzeyinin materiallarına həsr olunmuş daha bir kitab işıq üzü görmüşdür.
Kitab AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr olunur. Kitabın elmi redaktoru akademik Nailə Vəlixanlı, müəlliflər isə Azərbaycan Tarixi Muzeyinın əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Fərhad Cabbarov və Məmməd Məmmədovdur. 2017-ci ilin yanvarında Bakı şəhərini təmiz, yüksək keyfiyyətli bulaq suyu ilə təchiz etmiş Şollar kəmərinin istifadəyə verilməsinin 100 ili tamam olur. Altı ilə tikilən bu möhtəşəm su kəməri çoxmilyonlu, nəhəng infrastruktur layihəsi olmaqla yanaşı, eyni zamanda bakılıları uzun onilliklər boyu həyat mənbəyi olan su ilə etibarlı olaraq təchiz edə bilmişdir.
Bütün bu məsələlər oxucuların diqqətinə təqdim olunan “Şollar-Bakı su kəmərinin tarixindən” kitabında öz əksini tapmışdır. Kitabın müəllifləri- Fərhad Cabbarov və Məmməd Məmmədov Bakının su təchizatı tarixinin əsas dövrlərini, XIX əsrin ikinci yarısında irəli sürülən su kəmərləri layihələrini, Şollar su kəmərinin layihələndirilməsi və çəkilməsi tarixini ilk mənbələr, birinci növbədə, arxiv materialları əsasında izləmiş, şəhər rəhbərliyi və ictimaiyyətinin su problemini necə həll etmələri, onun necə reallığa çevrilməsi haqqında dolğun təsəvvür yarada bilmiş, eyni zamanda XIX əsrin sonu-XX əsrin əvvəllərində şəhərin ictimai və sosial-iqtisadi həyatından maraqlı faktları açıqlamışlar.
Kitab Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanması təkcə Şollar-Bakı su kəmərinin 100 illik yubileyi ilə əlaqədar deyil. Mövzunun seçilməsi həm də onunla şərtləndirilmişdir ki, muzeyin fondlarında Şollar suyunun tarixinə dair xeyli sayda materiallar qorunub saxlanılır. Məlumdur ki, elmi tədqiqat və mədəni –maarif müəssisəsi olan muzeyin əsas vəzifələrindən biri də öz kolleksiyasını elmi dövriyyəyə gətirməkdən, onu təbliğ etməkdən ibarətdir. Bu baxımdan məhz həmin materialların araşdırmaya cəlb olunması, sözsüz ki, böyük əhəmiyyət kəsb edir. Muzeyin fondlarında bilavasitə Şollar-Bakı su kəmərinin tarixi ilə əlaqədar kitablar, hesabatlar, eskizlər, arayışlar, vəsiqələr, fotoşəkillər, fotoalbomlar var.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.