Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1877-ci il yanvar ayının 12-də Gəncə şəhərində anadan olmuşdur.
İlk təhsilini Gəncə gimnaziyasında almış, 1904-cü ildə Xarkov İmperator Universitetinin tibb fakültəsini bitirmiş, həmin universitetin qospital – klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator olaraq işləmişdir. Xarkovda tələbə dostları ilə birlikdə azərbaycanlılardan ibarət “Zemlyaçestvo” (“Həmyerlilər”) dərnəyi yaratmışdır.
1907-ci ildə Gəncəyə qayıtmış, qubernatorun əmri ilə şəhər xəstəxanasına direktor təyin olunmuşdur. 1912-1913-cü tədris ilində Sankt-Peterburqdakı İmperator Klinik İnstitutunda 12 ixtisas üzrə dinləyici olmuşdur.
Xudadat bəy Rəfibəyli titulyar müşavir (1909), kollej asessoru (1910), saray müşaviri (1912) rütbələrinə layiq görülmüş, 1909-1916-cı illərdə Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi (mirovaya sudya) işləmişdir. 1915-ci il noyabrın 18-ində kollej müşaviri rütbəsinə irəli çəkilmiş, 1916-cı ildə III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur.
1914-cü ildə Həsən bəy Ağayevlə birlikdə Azərbaycanda ilk səhiyyəsağlamlıq cəmiyyəti olan “Gəncə tibb cəmiyyəti”ni yaratmışdır. 1917-ci ilin martında Gəncədə yaranmış Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumət kabinəsində Xudadat bəy Rəfibəyli xalq səhiyyəsi və himayədarlıq naziri təyin olunmuşdur. Cümhuriyyət hökuməti dövründə Xudadat bəy yenə də nazir vəzifəsinə təyin edilmişdir. Müstəqil səhiyyə sisteminin yaradılmasında Xudadat bəy fəal rol oynamışdır. 1918-ci ilin dekabrında Fətəli xan Xoyski hökuməti istefa verdikdə, Xudadat bəy xalq səhiyyəsi naziri vəzifəsini tərk etmişdir.
Azərbaycan hökuməti 1919-cu ilin mayında onu Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin etmişdir. O, ilk gündən ərazidə azərbaycanlılara qarşı soyqırımının qarşısının alınması, hərc-mərcliyə, soyğunçuluğa son qoyulması, asayişin bərqərar edilməsi, sabitlik yaradılması üçün qəti tədbirlər görmüşdür. Qərbi Azərbaycandan qovulmuş 20 mindən çox soydaşımızı Gəncə mahalında yerləşdirmək sahəsində gərgin fəaliyyət göstərmişdir.
1920-ci il aprel işğalından sonar bolşeviklərin tələbi ilə qubernator kimi səlahiyyətlərini yeni yaranmış inqilab komitəsinə təhvil vermişdir.
Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1920-ci il may ayının 12-də həbs olunmuş, erməni kəndlərinin yandırılması, quberniyanın erməni sakinlərinin sıxışdırılması ittihamı ilə bolşeviklər tərəfindən Nargin adasında güllələnmişdir.
Azərbaycan Respublikası Prokurorluğunun 1990-cı il 2 iyul tarixli qərarı ilə Xudadat bəy Rəfıbəyli barəsində cinayət işinə cinayət hadisəsi tərkibi olmadığına görə xitam verilmiş və bəraət qazanmışdır.
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Köməkçi materiallar fondunda Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəylinin fotoşəkilləri qorunmaqdadır.
Mənbə: Əlamətdar və tarixi günlər təqvimi -2017. Bakı, 2016.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.